Məhkəmə qərarları › İş №e-2(014)-1795/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1795/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1795/2025 06.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X5, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Natiq qızı və Cavabdeh1 müştərək qaydada kredit limiti üzrə 371,98 manat əsas borc, 0,91 manat faiz borcu olmaqla, ümumilikdə 372,89 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********34 nömrəli, 12 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 2000 manat məbləğində nağd kredit verilmişdir. Qeyd edilən müqavilənin şərtlərinə əsasən borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan 17 noyabr 2023-cü il tarixində öldüyündən müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Cavabdeh4 tərəfindən Ağdaş rayon Notariat Ofisinə ünvanlanmış ərizədən görünür ki, X1 qalmış mirası cavabdehlər qəbul etmişlər. 12 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən X2 nağd krediti üzrə 371,98 manat əsas, öldüyü tarixə 0,91 manat faiz borcu qalmışdır. Cavabdehlər qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: BPM**********34 nömrəli, 12 iyun 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" ASC tərəfindən X3 60 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. 12 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********34 nömrəli, 12 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə X2 əsas borcu 371,98 manat, faiz borcu 0,91 manat təşkil edir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 338890 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş sürətindən görünür ki, X4 17 noyabr 2023-cü il tarixdə ölmüşdür. Cavabdeh4 tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış 25 iyul 2024-cü il tarixli ərizənin surətindən görünür ki, X1 qalmış mirası cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Natiq qızı və Cavabdeh1 nun paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən mərhum X2 vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Natiq qızı və Cavabdeh1 göndərilmiş 13 fevral 2025-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC mərhum X4 üzərinə götürdüyü öhdəlikləri icra etmək üçün onun vərəsələrinə xəbərdarlıq etmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********34 nömrəli, 12 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X3 60 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. X4 17 noyabr 2023-cü il tarixdə öldüyü üçün müqavilə üzrə üzərinə düşən öhdəlik tam icra edilməmiş və onun 12 iyun 2025-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 371,98 manat, faiz borcu 0,91 manat olmaqla, ümumilikdə borcu 372,89 manat təşkil etmişdir. Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 mərhum X2 vərəsələri müəyyən edildiyindən hazırda "xxxx" ASC mərhumun borcunun vərəsələri tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki iş üzrə hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X2 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 371,98 manat əsas borc, 0,91 manat faiz borcu olmaqla, ümumilikdə 372,89 (üç yüz yetmiş iki manat, səksən doqquz qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 371,98 manat əsas borc, 0,91 manat faiz borcu olmaqla, ümumilikdə 372,89 (üç yüz yetmiş iki manat, səksən doqquz qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar