Məhkəmə qərarları › İş №e-2(014)-1807/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1807/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1807/2025 23.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı BOKT"xxxx" Qapalı Səhmdаr Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT"xxxx" QSC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 2323,89 manat, faiz borcu qismində 833,74 manat, cərimə qismində 348,58 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 79,95 manat, ümumilikdə 3586,16 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti 2840,00 AZN (iki min səkkiz yüz qırx manat 00 qəpik) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 1017-SRM-0041-24 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Əlaqəli Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə əsas borcu 2323.89 AZN (iki min üç yüz iyirmi üç manat 89 qəpik), faiz borcu 833.74 AZN (səkkiz yüz otuz üç manat 74 qəpik), cərimə borcu 348.58 AZN (üç yüz qırx səkkiz manat 58 qəpik) olmaqla ümumi borcu 3506.21 AZN (üç min beş yüz altı manat 21 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixli, 1389/25 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “ünvanda yaşamır” qeydi aparılmaqla xəbərdarlıq (pretenziya) məktubunun bizdən asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. (Mülki Məcəllənin 421.2-ci maddəsi) Qüvvədə оlan Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəхs (bоrclu) başqa şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, əmlak vеrməli, işi görməli, хidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludan öz vəzifəsinin icrasını tələb еtmək hüququ vardır. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsi üçün məhkəmə tərəfindən tədbirlər görülmüş, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 1017-SRM-0041-24 nömrəli əlaqəli kredit müqaviləsinin surətindən görünür ki, BOKT"xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 18 ay müddətinə, illik 34 faiz dərəcəsi ilə 2840 manat məbləğində kredit vermişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT"xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1017-SRM-0041-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə ödənilməmiş əsas borcu 2323,89 manat, faiz borcu 833,74 manat, cərimə borcu 348,58 manat, ümumi borcu isə 3506,21 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, BOKT"xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1017-SRM-0041-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 34% dərəcəsi olmaqla 18 ay müddətinə 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində kredit verilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2323,89 manat əsas borcu, 833,74 manat faiz borcu, 348,58 manat cərimə borcu olmaqla ümumilikdə 3506,21 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2323,89 manat, faiz borcu qismində 833,74 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, cərimə borcuna münasibətdə isə cərimə məbləği (348,58 manat) əsas borc məbləğinə mütənasib olmadığından (əsas borcun təxminən 15 %-i) azaldılaraq 140 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissəsinə görə (cəmi 3297,63 manat borc) məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 52,98 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 2323,89 manat (iki min üç yüz iyirmi üç manat səksən doqquz qəpik), faiz borcu qismində 833,74 manat (səkkiz yüz otuz üç manat yetmiş dörd qəpik), cərimə qismində 140 (yüz qırx) manat, dövlət rüsumunun əvəzi qismində 52,98 manat (əlli iki manat, doxsan səkkiz qəpik) olmaqla, cəmi 3350,61 manat (üç min üç yüz əlli manat, altmış bir qəpik) məbləğində pul vəsaiti tutulsun. BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar