Məhkəmə qərarları › İş №e-2(014)-1818/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1818/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1818/2025 08.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə "xxxx" ASC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, BPM**********53 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1780,94 manat, faiz borcu 1,09 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 37,83 manat və 0,4 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********53 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Muxtarova Mehbarə Məmməd qızına 48 ay müddətinə yəni xx.xx.2025-ci il tarixədək illik 22 faiz ödəmək şərtilə 3900 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Muxtarova Mehbarə Məmməd qızı "xxxx" ASC-dən ayrılmış cəmi 3900 manat puldan, 1060,28 manat məbləğində hissəni qəbul etmiş, 2800,72 manat məbləğində pul isə cari kredit bocuna və 39 manat komissiya məbləğinə silinmişdir. İşdə olan AZ-İİ seriyalı, 411425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-990 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Muxtarova Mehbarə Məmməd qızının vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AC899824 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********47916, mühərrikin nömrəsi 2***-******* və buraxılış ili 2001-ci il olan VAZ 21065 minik markalı, 10KC746 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc 1780,94 manat, faiz borcu 1,09 manat təşkil edir. İşdə olan bildirişin surətindən görünür ki, Cavabdeh 1780,94 manat məbləğində əsas borcu və ona uyğun hesablanmış faiz borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla X1 "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1780,94 manat məbləğində borcunun yarandığı, X1 ölümündən sonra həmin şəxsə məxsus əmlakın Cavabdeh tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Muxtarova Mehbarə Məmməd qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********53 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1780,94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin mülki işin materiallarında faiz forcu məbləğinin hesablanması ilə bağlı təsdiq edən sübutlar təqdim edilmədiyindən 1,09 manat məbləğində faiz borcuna dair iddia tələbi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37,81 manat və xidmət haqqı qismində 0,40 manat, cəmi 38,21 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 05 oktyabr 2021-ci il tarixli, BPM**********53 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1780,94 manat (min yeddi yüz səksən manat doxsan dörd qəpik), dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 38,21 manat (otuz səkkiz manat iyirmi bir qəpik) olmaqla cəmi 1819,15 manat (min səkkiz yüz on doqquz manat on beş qəpik) məbləğində pul vəsaiti tutulsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar