Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1881/2025 23.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT» MMC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 15/1219-088 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 409,22 manat, faiz borcu qismində 6,21 manat, penya borcu qismində 38 manat, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün 124 manat, cəmi 577,43 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, 27 dekabr 2019-cu il tarixli 15/1219-088 saylı Kredit(Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 419,33(dörd yüz on doqquz manat otuz üç qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2021-ci il tarixə olan hesablamalara görə iddiaçıya 409,22(dörd yüz doqquz manat iyirmi iki qəpik) manat əsas kredit borcu, 6,21(altı manat iyirmi bir qəpik) manat faiz borcu, 38(otuz səkkiz) manat penya borcu,cəmi 453,43(dörd yüz əlli üç manat qırx üç qəpik) manat borcu təşkil edir. Cavabdeh dəfələrlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKT-a olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Əlavə olaraq qeyd edilib ki, Cavabdeh 27 dekabr 2019-cu il tarixli 15/1219- 088 saylı Kredit(Restrukturizasiya) müqaviləsi üzrə son ödənişi xx.xx.2021-ci il tarixdə 14 manat ödəniş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC 2011-ci il tarixdən fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə xx.xx.2021-ci il tarixdən maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur.İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC kredit fəaliyyəti ilə məşqulduC avabdeh vaxtında ödəniş etsəydi, iddiaçı həmin məbləği yenə də kreditə verib fayda əldə edərdi. Qeyd edirəm ki, iddiaçı müştərilərlə müqaviləni illik 38% faiz hesablanmaqla bağlayır. Bundan əlavə qeyd etmək istəyirəm ki, iddiaçı öz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının büdcəsinə gəlirindən 20% mənfəət vergisi ödəyir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən Faizlərin miqdan pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7%(yeddi faiz) müəyyən etnişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8%(səkkiz faiz) müəyyən etnişdir. 2023-ci il may ayı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 9%(doqquz faiz) müəyyən etnişdir. 2024-ci il may ayı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7%(yeddi faiz) müəyyən etnişdir.Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 28 manat(409*7%=28 manat), 2022-ci il üçün 32 manat(409*8%=32 manat), 2023-ci il üçün 36 manat(409*9%=36 manat), 2024-ci il üçün 28 manat(409*7%=28 manat) cəmi 124(bir yüz iyirmi dörd) manat təşkil edir. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, lakin iddia tələbinin azaldıldığını, əsas borc qismində 409,22 manat, faiz borcu qismində 6,21 manat , penya borcu qismində 27,47 manat olmaqla ümumilikdə 442,90 manat borcun və 30 manat dövlət rüsumuna ödənilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli ərizə ilə Nümayəndə2 iddia tələbinin azaldılmasını, əsas borc qismində 409,22 manat, faiz borcu qismində 6,21 manat , penya borcu qismində 27,47 manat olmaqla ümumilikdə 442,90 manat borcun və 30 manat dövlət rüsumuna ödənilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbində qeyd edilən məbləğdə kreditin ona əvvəlki kredit borcunu bağlamaq üçün verildiyini, lakin bir müddət işləmədiyindən həmin krediti tam ödəyə bilmədiyini, hazırda borcu qaldığını göstərdi. Həmçinin əvvəlki kreditin ona ailə təsərrüfatı üçün heyvandarlıqla məşğul olmaq məqsədilə, başqa yerlərdə də krediti olmasına baxmayaraq verildiyini, sonradan isə bu kreditləri tam ödəməsinin mümkün olmadığını bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 15/1219-088 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh vaxtı keçmiş kredit borcunu ödəmək üçün 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 419,33 manat məbləğində kredit vermişdir. İddiaçı BOKT MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə cəmi 409,22 manat (350,65 AZN+58,57 AZN) əsas borcu, 6,21 manat (0,11 AZN+6,10 AZN) faiz borcu yaranmış, 38 manat penya məbləğində borcu hesablanmışdır. Borcluya xx.xx.2021-ci il tarixdə çatdırılmış bildirişin surətindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixə hesablamalara görə ödənilməmiş faiz borcunun əvəzi qismində 3,97 manat pul vəsaitinin ödənilməsi təklif edilmiş, 3 gün müddətində öhdəliklər icra edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə uyğun olaraq Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. İddiaçı BOKT MMC tərəfindən Cavabdeh borcun tam ödənilməsi borcluya xx.xx.2021-ci il tarixdə çatdırılmış bildirişlə tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi İddiaçı BOKT MMC Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 15/1219-088 nömrəli kredit müqaviləsindən borcluya xx.xx.2021-ci il tarixdə çatdırılmış bildirişlə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh İddiaçı BOKT MMC-yə faiz borcu qismində 3,97 manat təşkil etmişdir. Buna görə də Cavabdeh İddiaçı BOKT MMC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, penya məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarına əsaslanaraq hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 15/1219-088 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 409,22 manat, faiz borcu qismində 3,97 manat, penya qismində 2 manat, cəmi 415,19 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli, 15/1219-088 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 409,22 manat (dörd yüz doqquz manat iyirmi iki qəpik), faiz borcu qismində 3,97 manat (üç manat doxsan yeddi qəpik), penya (cərimə) qismində 2 (iki) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 445,19 manat (dörd yüz qırx beş manat on doqquz qəpik) məbləğində pul vəsaiti tutulsun. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-1881/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1881/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver