Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2004/2025 20.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 maddi ziyanın ödənilməsi kimi müştərək qaydada 11 (on bir) baş inək malının, onlar mövcud olmadığı halda isə onların dəyəri kimi 22000 (iyirmi iki min) manat pulun, mənəvi zərərin ödənilməsi kimi 1500 (min beş yüz) manat və iddianın baxılması üçün dövlət rüsumu kimi ödənilmiş 160 (yüz altmış) manat 50 qəpik, cəmi 23660 (iyirmi üç min altı yüz altmış) manat 50 qəpik pulun cavabdehlərdən alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, iddiaçı ilə cavabdehlər doğma ailə üzvləridir, belə ki, Cavabdeh3 iddiaçının atası, Cavabdeh1 anası, Cavabdeh2 isə qardaşıdır. 2007-ci ildə iddiaçı maddi vəziyyəti imkan verdiyindən öz ailə üzvləri ilə birlikdə Ağdaş rayonunun Ağzıbir kəndində yerləşən ata mülkündə mal-qara saxlayaraq bir az da maddi vəziyyətlərini yaxşılaşdırmaq, gəlir əldə etmək üçün birgə fəaliyyətlə məşğul olmaq barədə razılığa gəlmişlər. Aralarında olan razılaşmaya görə iddiaçı iri buynuzlu ev heyvanları almalı, cavabdehlər isə onlara qulluq etməli, nəticə etibarı ilə isə mal-qaradan əldə olunan məhsulların, eləcə də onların törəmələrinin satışı nəticəsində əldə olunan gəliri öz aralarında bərabər qaydada bölməli idilər. Bu məqsədlə iddiaçı 2007-ci ildə 19 (on doqquz) baş yanı balalı inək alır, bu da cəmi 38 (otuz səkkiz) baş heyvan edir. 2007-ci ildə həmin inəklər hamısı bala verir, lakin buzovların 6-sı ölür, cəmi 13 (on üç) baş qalır. 2009-cu ildə iddiaçı ailə qurur və ailə qurduqdan təxminən 10 gün sonra iddiaçı daha 14 (on dörd) baş erkək dana alır və beləliklə cavabdehlərlə birgə təsərrüfatda 19 (on doqquz) baş inək, 13 (on üç) baş buzov, 19 (on doqquz) baş dişi dana və 14 (on dörd) baş erkək dana, cəmisi 65 (altmış beş) baş mal-qara olur. Təxminən 2 ay sonra iddiaçı yaşamaq üçün ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçür və çilingər işləyir, 2010-cu ilin sonlarında Bakı şəhərinə gedir və 2010-cu ilin sonundan 2013-cü ilin ortalarına qədər Bakı şəhərində yaşayır. 2013-cü ildə iddiaçı yenidən Mingəçevir şəhərinə qayıdır və o vaxtdan bu günədək iddiaçı iri həcmli yük avtomobillərinin təmiri ilə məşğuldur. İddiaçı Mingəçevirə qayıtdından sonra gedib cavabdehlərdən nə qədər artım olması ilə maraqlanmış, lakin cavabdehlər ona heç bir artım olmadığını, hətta bir neçə baş malı satıb ot-ələf aldıqlarını bildirirlər. İddiaçı bununla da razılaşır. 2024-cü ilin avqust ayında Mingəçevir şəhərində iddiaçı Yusif adlı oğluna sünnət toyu edəndə cavabdehlərə zəng vurub məclis üçün ona bir baş erkək cöngə gətirmələrini deyir. Belə olduqda toydan 1 (bir) gün əvvəl Cavabdeh2 ona 1 (bir) baş cöngə və 3 (üç) baş qoç gətirir. Sünnət mərasimindən sonra Cavabdeh2 iddiaçıya deyir ki, gətirdyi heyvanların pulunu vermək lazımdır. İddiaçı söhbətin yalnız qoçlardan getdiyini düşünərək onlar üçün nə qədər pul verəsi olduğu ilə maraqlandıqda Cavabdeh2 iddiaçıya bildirir ki, qoçlara görə 1768 (min yeddi yüz altmış səkkiz) manat, cöngəyə görə isə 1890 (min səkkiz yüz doxsan) manat pul verməlidir. İddiaçı təəccüblənir ki, o, özünün aldığı heyvana nə üçün pul verməlidir və Taryelə deyir ki, mənim o qədər mal-qaram ola-ola mən nə üçün bir baş mala pul verməliyəm. Taryel iddiaçıya deyir ki, onlarda onun heç bir malqarası yoxdur, cəmi 17 baş mal-qara qalmışdı, onu da atası qoyun-quzuya dəyişdirmişdir. İddiaçı bunu eşitdikdən sonra sarsıntı keçirir, bunun səhərisi gün təsərrüfatı yoxlamaq üçün ata evinə yollanır və oraya gedərkən həyətdə yalnız 3 (baş) inək və 35-40 (otuz beş qırx) baş qoyun- quzu görür. Daha sonra iddiaçı gördüklərini heç cür anlaya bilmədiyindən cavabdehlərdən bunun nə demək olduğunu soruşmuş və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçıya mal-qaranın hamısının tələf olduğunu, cəmi 11 (on bir) baş inək malının qaldğını, onu da 22 (iyirmi iki) baş yanı balalı qoyunla dəyişdiklərini, artıq iddiaçının onlarda heç bir heyvanının qalmadığını, həyətdəki inəklərin də ona heç bir aidiyyətinin olmadığını bildirmişlər. İddiaçı onlara inanmayaraq qohum-əqrəbədən, tanışbilişdən bununla bağlı məlumat əldə etməyə başlayır və məlum olur ki, onun aldığı heyvanları və onların balalarını cavabdehlər müxtəlif vaxtlarda sataraq alınan pulların bir hissəsini öz şəxsi ehtiyacları üçün xərcləmişlər, bir hissəsinə isə Cavabdeh2 öz şəxsi istifadəsi üçün ümumiyyətlə 18 ədəd kənd təsərrüfatı texnikaları, minik avtomobili almışdır. Daha sonra iddiaçı cavabdehlərdən satmış olduqları heyvanlarının pulunu tələb edir, iddiaçı hətta cavabdehlərə aldığı mal-qaranın 3/1 hissəsini və ya onların dəyərini ödəmələrini deyir, cavabdehlər isə buna cavab olaraq iddiaçıya heç nə verməyəcəklərini bildirirlər. Belə olduqda onların arasında mübahisə düşür və iddiaçının həyat yoldaşı cavabdehlərdən xx.xx.2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə şikayət edir. Polis Şöbəsində aparılmış araşdırma zamanı iddia tələbi üzrə hər üç cavabdeh iddiaçının dediklərini qismən etiraf edərək 2007-ci ildə iddiaçının həqiqətən də 19 (on doqquz) baş yanı balalı inək malını alaraq ata mülkündə qoymasını və onlardan qalan 11 (on bir) baş inəyi 22 (iyirmi iki) baş yanı balalı qoyunla dəyişdiklərini deyirlər, lakin qalan mal-qaranı sataraq əldə olunan pulu mənimsədiklərini inkar edirlər, hətta bildirirlər ki, qeyd olunan mal-qaranın alınmasında yalnız iddiaçı deyil, onların başqa bir oğulları da pul qoymuşdur. 01 avqust 2025-ci il tarixdə Ağdaş RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Davud Şıxməmmədov tərəfindən Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibinin yaranmadığı əsas göstərilərək toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin qərar tərəfimizdən iş materiallarına əlavə edilmişdir. Bütün bu qeyd olunan səbəblərdən cavabdehlər iddiaçıya maddi zərər vurmaqla yanaşı, həmçinin mənəvi ziyan da vurmuşlar. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 maddi ziyanın ödənilməsi kimi müştərək qaydada 11 (on bir) baş inək malının, onlar mövcud olmadığı halda isə, onların dəyəri kimi 22000 (iyirmi iki min) manat pulun, mənəvi zərərin ödənilməsi kimi 1500 (min beş yüz) manat və iddianın baxılması üçün dövlət rüsumu kimi ödənilmiş 160 (yüz altmış) manat 50 qəpik, cəmi 23660 (iyirmi üç min altı yüz altmış) manat 50 qəpik pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsinin dediklərini təsdiq edərək, iddianı müdafiə etdiyini bildirdi və mal-qara aldığını, həmin heyvanlardan əldə edilmiş gəlirin cavabdehlərlə bölüşdürülməsi barədə cavabdehlərlə aralarında razılıq əldə edildiyini, lakin cavabdehlərin bu razılaşmaya əməl etmədiyini, Cavabdeh3 heyvanları qoyunlarla dəyişərək satdığını, onunla gəliri bölmədiyini, digər Cavabdeh2 da heyvanları sataraq özünə nəqliyyat vasitələri aldığını göstərdi. Həmçinin bildirdi ki, heyvanları alarkən niyyəti sahibkarlıq fəaliyyəti ilə bağlı olmaqla maddi vəziyyətlərinin yaxşılaşdırılması, sonda mənfəət əldə etmək və cavabdehlərlə bölüşdürmək olmuşdur. Əvvəllər vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında Cavabdeh3 bildirdi ki, iddiaçı həqiqətən də heyvan alaraq onun həyətindəki tövləyə salmış, həmin heyvanlardan 11 başını o, 22 baş qoyunla dəyişdirmiş, sonradan isə həmin qoyunlardan da iddiaçının özü satmışdır. Əvvəllər vergi ödəyicisi olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddiaçı həqiqətən də heyvan alaraq onun yaşadığı evin həyətindəki tövləyə salmış, həmin heyvanlardan çoxu baxımsızlıqdan ölmüş, heyvanlardan əldə edilmiş süd məhsullarından o, bəzən başqa şəxslərə də satmış, buna dair iddiaçının etirazı olmamışdır. Məhkəmə iclasında Cavabdeh2, iddianı qəbul etməyərək, iddiaçının aldığı heyvanlardan onun heç birini özünün satmadığını, heyvanların iddiaçının özü tərəfindən satıldığını bildirdi. Həmçinin göstərdi ki, əvvəllər vergi ödəyicisi olmuşdur. Məlumatların “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə yoxlanılaması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər – İddiaçı (VÖEN:**********), Cavabdeh3 (VÖEN:**********) və Cavabdeh2 (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir. Məhkəmə, iddiaçını, nümayəndəsini (vəkili) və cavabdehləri dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər olmaqla hüquq münasibətinin məzmununu sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunan gəlirin bölünməməsi nəticəsində yaranmış əmlak tələbi ilə bağlı münasibətlər təşkil edir. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-2004/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2004/2025
20.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver