Məhkəmə qərarları › İş №e-2(014)-2093/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2093/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2093/2025 27.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 349,68 (üç yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat əsas borcun, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,40 (əlli iki manat, qırx qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 26 % dərəcəsi ilə 2650 manat məbləğində kredit verilmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh1 arasında LM102100299 saylı, 27 oktyabr 2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* saylı, 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 932,70 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə, aylıq 78,15 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix 27 oktyabr 2022-ci il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsi bağlanarkən Cavabdeh2 ilə bank arasında LM102100299 nömrəli, 27 oktyabr 2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə 09 sentyabr 2025-ci il tarixə banka 349,68 (üç yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat əsas borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,40 (əlli iki manat, qırx qəpik) manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 287-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 287-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış ********* saylı, 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 26 % dərəcəsi ilə 2650 (iki min altı yüz əlli) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh1 arasında LM102100299 saylı, 27 oktyabr 2021-ci il tarixli Restrukturizasiya müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən 12 ay müddətinə, aylıq 78,15 manat ödəmək şərtilə borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 932,70 manat məbləği restrukturizasiya olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış LM102100299 nömrəli, 27 oktyabr 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borcalan arasında bağlanmış LM102100299 saylı, 27 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. 22 yanvar 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 2650 manat məbləğində pul verilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 10 sentyabr 2025-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, 27 oktyabr 2021-ci il tarixli müqavilə əsasında Cavabdeh1 və Cavabdeh2 üzərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq edilmişlər. Poçt qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 onlara göndərilmiş 11 sentyabr 2025-ci il tarixli bildiriş (xəbərdarlıq) məktublarını qəbul etmişlər. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 10 sentyabr 2025-ci il tarixli, 12-5/2-A-23-15695/2025 maliyyə arayışından görünür ki, Cavabdeh1 LM102100299 saylı, 27 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 349,68 (üç yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 52,40 (əlli iki manat, qırx qəpik) manat təşkil edir. **********83 nömrəli mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış ********* saylı, 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 26 % dərəcəsi ilə 2650 (iki min altı yüz əlli) manat məbləğində kredit verilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh1 arasında LM102100299 saylı, 27 oktyabr 2021-ci il tarixli Restrukturizasiya müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən 12 ay müddətinə, aylıq 78,15 manat ödəmək şərtilə borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 932,70 manat məbləği restrukturizasiya olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında LM102100299 nömrəli, 27 oktyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə Cavabdeh1 09 sentyabr 2025-ci il tarixə banka 349,68 (üç yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat əsas borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,40 (əlli iki manat, qırx qəpik) manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırki iş üzrə hüquq münasibətlərinin yarandığını tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 349,68 (üç yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,40 (əlli iki manat, qırx qəpik) manat faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 349,68 (üç yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,40 (əlli iki manat, qırx qəpik) manat faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar