Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-214/2023 10.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə Cavabdeh2 arasında bağlanmış 2406-14 USD (hesab № 779442) nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 26 % dərəcəsi ilə 8900 (səkkiz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-1-2406-14 USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 319 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 8028,71 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 36 ay təyin edilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1,4 AZN) 9747,12 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********832 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 31318,89 (otuz bir min üç yüz on səkkiz manat, 89 qəpik) manat təşkil edir. Bundan 9677,80 (doqquz min altı yüz yetmiş yeddi manat 80 qəpik) manat əsas, 10472,10 (on min dörd yüz yetmiş iki manat, 10 qəpik) manat faiz, 9846,41 (doqquz min səkkiz yüz qırx altı manat 41 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322,58 (min üç yüz iyirmi iki manat 58 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № 2406-14 USD saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № ZM-1-2406-14 USD saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № 2406-14 USD saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № 2406-14 USD saylı kredit müqaviləsinə 18 may 2015-ci il tarixli, 319 saylı əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 8028,71 ABŞ dolları təşkil edir. Kreditin müddəti 36 ay təyin edilir. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № 2406-14 saylı kredit müqaviləsinə 24 yanvar 2017-ci il tarixli, 3 saylı əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsəs borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,40 AZN) 9747,12 manat (doqquz min yeddi yüz qırx yeddi manat, 12 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 9677,80 manat, faiz borcu üzrə 10472,10 manat, cərimə borcu üzrə 9846,41 manat, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322,58 manat faiz borcu olmaqla, cəmi 31318,89 manat borcu qalmışdır. İşin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən kredit borcunun qaytarılması ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 183,96 (yüz səksən üç manat, doxsan altı qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № 2406-14 USD saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 8900 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № ZM-1-2406-14 USD saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli, № 2406-14 USD saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüş, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka əsas borc üzrə 9677,80 manat, faiz borcu üzrə 10472,10 manat, cərimə borcu üzrə 9846,41 manat, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322,58 manat faiz borcu olmaqla, cəmi 31318,89 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2020-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 3 ilə yaxın müddət keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 4.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 2000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 9677,80 manat, faiz borcu üzrə 10472,10 manat, cərimə borcu üzrə 2000 manat, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322,58 manat faiz borcu olmaqla, cəmi 23472,48 (iyirmi üç min dörd yüz yetmiş iki manat, qırx səkkiz qəpik) manat borc məbləği və 183,96 (yüz səksən üç manat, doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 9677,80 manat, faiz borcu üzrə 10472,10 manat, cərimə borcu üzrə 2000 manat, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1322,58 manat faiz borcu olmaqla, cəmi 23472,48 (iyirmi üç min dörd yüz yetmiş iki manat, qırx səkkiz qəpik) manat borc məbləği və 183,96 (yüz səksən üç manat, doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-214/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-214/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver