Məhkəmə qərarları › İş №e-2(014)-238/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-238/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-238/2023 20.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh Niyazı oğlunun iştirakları ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh Niyazı oğlu və Zamin qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh Niyazı oğlu və Zamin qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******, qeydiyyat ünvanı: Ağdaş ray.,Cardam ərazi dairəsi,Cardam kəndi) və ona zamin duran şəxs Zamin (şəxsiyyət vəsiqəsinin seriya AZE № ********, vəsiqənin verilmə tarixi: xx.xx.2015, qeydiyyat ünvanı: ünvan 2l tarixində A/00018 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdeh 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit götürmüşdür. İstehlak kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə Zamin müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşlər. Müqavilə bağlanan andan Cavabdeh və Zamin üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir. Məsuliyyətin izah edilməsinə baxmayaraq borclunun krediti götürdüyü tarixdən etibarən aylıq verməli olduğu kredit borcunda müəyyən gecikmələr olmuşdur. Borclularla əlaqə saxlanılmasına baxmayaraq bu günə qədər borclular tərəfindən heç bir kredit borcu ödənilməmişdir. Borcalanların "xxxx" MMC-yə cari dövrdə kredit müqaviləsi öhdəlikləri üzrə əsas borcu 3545,25 AZN, kredit müqaviləsinin 3.2 bəndinə görə bu tarixə hesablanmış kredit faizi 1033,27 AZN, müqavilənin 5.4.2 maddəsinə görə cərimə olaraq 657,33 AZN hesablanmışdır. Borclunun tam borcu 5235 (beş min iki yüz otuz beş) manat 85 qəpik təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Niyazı oğlu bildirdi ki, uşağı xəstə olduğu üçün banka olan borcunu ödəyə bilməmişdir. Böyük məbləğ olduğuna banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh Zamin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Zamin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə borclu Cavabdeh Niyazı oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № A/00018 saylı kredit müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh Niyazı oğluna 24 ay müddətinə, illik 21,76% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, № A/00018 saylı saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh Niyazı oğlu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 300,56 manat xx.xx.2023-cü il tarixdə isə 300,66 manat kredit ödənişi etməli idi. İşin materiallarında olan "xxxx" MMC ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № A/00018 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, № A/00018 saylı kredit müqaviləsi üzrə Cavabdeh Niyazı oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 127 saylı maliyyə arayışından görünür ki, Cavabdeh Niyazı oğlunun xx.xx.2022-ci il tarixə MMC-yə əsas borc üzrə 3545,25 manat, faiz borcu üzrə 1033,27 manat, cərimə borcu üzrə 657,33 manat olmaqla, cəmi 5235 manat borcu qalmışdır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh Niyazı oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Niyazı oğlu bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 72,36 (yetmiş iki manat, otuz altı qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə borclu Cavabdeh Niyazı oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № A/00018 saylı kredit müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh Niyazı oğluna 24 ay müddətinə, illik 21,76% ödəmək şərtilə 5000 manat məbləğində kredit vermiş, "xxxx" MMC ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № A/00018 saylı zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, № A/00018 saylı kredit müqaviləsi üzrə Cavabdeh Niyazı oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüş, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların MMC-yə əsas borc üzrə 3545,25 manat, faiz borcu üzrə 1033,27 manat, cərimə borcu üzrə 657,33 manat olmaqla, cəmi 5235 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Eyni Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 65 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh Niyazı oğlu və Zamin müştərək qaydada 3545,25 (üç min beş yüz qırx beş manat, iyirmi beş qəpik) manat əsas borc, 1033,27 (min otuz üç manat, iyirmi yeddi qəpik) manat faiz borcu, 65 (altmış beş) manat cərimə borcu olmaqla, cəmi 4643,52 (dörd min altı yüz qırx üç manat, əlli iki qəpik) manat məbləğində borc və 72,36 (yetmiş iki manat, otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh Niyazı oğlu və Zamin müştərək qaydada 3545,25 (üç min beş yüz qırx beş manat, iyirmi beş qəpik) manat əsas borc, 1033,27 (min otuz üç manat, iyirmi yeddi qəpik) manat faiz borcu, 65 (altmış beş) manat cərimə borcu olmaqla, cəmi 4643,52 (dörd min altı yüz qırx üç manat, əlli iki qəpik) manat məbləğində borc və 72,36 (yetmiş iki manat, otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar