Məhkəmə qərarları › İş №e-2(014)-249/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-249/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-249/2025 17.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat pulun və 65 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, tanışı olan Cavabdeh 28 mart 2023-cü il tarixdə təcili pul lazım olduğuna görə ondan 3 ay müddətinə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat pul istəmiş, o da Cavabdeh tanıdığı və səmimiyyətinə inandığından sonuncuya həmin tarixdə 4500 manat borc pul vermişdir. Cavabdeh 28 mart 2023-cü il tarixdə 3 ay müddətinə qaytarmaq şərti ilə ondan 4500 manat borc pul alması barədə öz imzası ilə təsdiq etdiyi qəbz də vermişdir. Lakin Cavabdeh vədinə əməl etməmiş və ona olan 4500 manat borcunu bu günə qədər qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş əlyazmadan görünür ki, Cavabdeh ehtiyacı olduğu üçün İddiaçı 28 mart 2023-cü il tarixdə 4500 manat borc pul almış və 3 ay müddətində geri qaytaracağına söz vermişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 4500 manat borc pul almış, və həmin borcu 3 ay müddətində geri qayatarcağına söz versə də həmin borcdan ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci naddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 28 mart 2023-cü il tarixdə şifahi qaydada real borc müqaviləsi bağlanmış və iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan borc kimi aldığı 4500 manat məbləğində pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini lazımınca icra etməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində borc və 65 (altmış beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində borc və 65 (altmış beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar