Məhkəmə qərarları › İş №e-2(014)-325/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-325/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-325/2023 18.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Cаvаbdеh Cavabdeh1 iştirakları ilə, İddiaçı oğlunun cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dаir işə 18 aprel 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlunun cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona satılmış lakin sonradan hüquqmüəyyən edici sənədləri ləğv edilmiş 2 il sahibliyndə, istifadəsində və səlahiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0.05 ha) torpaq sahəsində apardığı tikilinin məhkəmə qərarı olmadan dağıdılması nəticəsində ona dəymiş 12.595 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpağın alqı-satqı müqaviləsinin, reyestr qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(014)-1146/2021 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(107)- 2004/2021 nömrəli qətnaməsi ilə (hakimlər - Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, mübahisəli torpaq sahəsinin 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçılara qaytarılması qət edilmişdir. O, Şəki Apellaysiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2141/2022 nömrəli Qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə də müəyyən edildiyi kimi, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ləğv edilməklə 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə İddiaçı verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarış, çıxarışın verilməsinə əsas olmuş 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmişdir. Bununla da 2017ci ildən mülkiyyətində, sahibliyində və istifadəsində olan Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 qaytarılmışdır. O 2017-ci ildən qohumlarından olan Cavabdeh1 sözügedən torpaq sahəsinə alqı-satqı üçün 8000 (səkkiz min) pul vermiş və 2 il bundan əvvəl həmin torpaq sahəsi sahibliyində olarkən ora 20 metr uzunluğunda divar tikdirməyə başlamış, ora dəmir qapı qoydurmuşdur. Bunların hamısı Ağanın iştirakı ilə olmuşdur. Torpağı alarkən Ağa divarın çəkilməsinə köməklik edəcəyini bildirsə də, kömək etməmişdir. Divarın tikilməsi üçün 1 həftə usta işlətmiş, ustaların bazarlığı, yeməsi işməsi kimi xərcləri qarşılamışlar. Divarın tikilməsi üçün bünövrə qazdırmışlar, 800 ədəd kubik, 70 kisə sement, 1 kamaz maşını qum almışlar. Torpaq mübahisəsi olmadan niyyəti 25 metr uzunluğunda barı çəkmək idi, lakin məhkəmə mübahisələri ilə Cavabdeh1 ona etdiklərini danaraq divarın çəkilib tamamlanmasına izin verməmişdir. Ağa ilə mübahisələri müxtəlif orqanlarda davam etmişdir. Ağdaşda polis şöbəsində tədqiqatçlıların da yanında olmuş, onlar da gəlib baxmış və haqsızlıq olduğunu bildirmişdirlər, lakin mülki mübahisə olduğundan bir nəticə alınmamışdır. Ağa bununla kifayətlənməyib qoyduğu qapının kilidini dəyişdirmiş, tikdirdiyi divarını yıxmış və ona 12 595 (on iki min beş yüz doxsan beş) manat ziyan vurmuşdur. Qeyd edilənləri Cavabdeh1 əmisi X2, divarı tikən ustalar Şahid3, Şahid2, Şahid4, X1 da təsdiqləyə bilərlər. Belə ki, Şahid3 və Şahid2 8 gün işləyib 25 metr uzunuğunda divar üçün bünövrə qazıb və divar hörüblər-onlara 570 manat vermiş, Şahid4, X1 torpağın bünövrəsinin qazılması və karkas tökülməsi işinə baxmış və onlara 5 gün işlədikləri müqabilində 350 manat vermiş, 800 ədəd kubik, 70 kisə (hər kisəsi 50 kq) sement işlənib (525 manat), 1 kamaz maşını qum işlənib (150 manat), dəmir qapının hazırlanması, qapı üçün dəmir avadanlığın alınması və qapının qoyulmasına 1000 manat vermiş, həmin yerə su çəkdirmiş və bunun üçün 400 manat vermiş, usta və fəhlələrin yeməkləri üçün 300 manatlıq bazarlıq etmiş, torpağın sənədləşmə işləri üçün notariusa 500 manat xərcləmiş və torpağın satılması üçün Ağdaş Rayon Notariusunda Ağaya 5 000 manat pul, torpağın satılması zamanı isə əmisinin yanında (şahid X2) 3 000 manat pul vermişdir. Beləliklə onun torpaq alqı-satqısı zamanı mülkiyyətində olan torpağın sənədləşməsinə, divar tikilməsinə ümumilikdə 12595 manat pulun çıxıb və bu pul cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Torpaq sahəsinin sənədləşməsində uyğunsuzluqlar olması məhkəmə qətnamələri ilə təsdiq edilsə də, bunun onun günahı olmaması, torpağın ona satılması, istifadəsinə verilməsi, orada divar tikilməsi işin danılmayan həqiqətləridir və ona dəymiş ziyan cavabdehlər tərəfindən qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətanmə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, mübahisə yeri özünə məxsusdur, iddiaçılar tərəfindən ona heç bir ödəniş olunmamışdır, torpaq sahəsini satmamışdır. İddiaçının iddia tələbində göstərmiş olduğu təmir və tikinti işləri onun öz vəsaiti əsasında özü tərəfindən görülmüş, özü usta olduğundan divarı və barını özü çəkmişdir. Buna görə də iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında Şahid1 Şəftər oğlu izahatında 2017-ci il tarixdə 1 sotu 1600 manat olmaqla 5 sot torpaq sahəsi aldığını, sonrada Cavabdeh1 onlara torpağın sənədlərinin hazırlanması üçün 3000 manat pul lazım olduğunu, rəsmiləşdirilən zaman Notariat ofisində 5000 manat pulu Ağaya verdiyini, qalan 3000 manat pulu isə arvadı Əntiqə verdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 izahatında usta işlədiyini, 6-7 il əvvəl Şahid1 ona torpaq sahəsinin ətrafına daş hasar çəkmək lazım olduğunu bildirdiyini, təxminən 20 metr uzunluğunda divar üçün bünövrə qazıldığını və divar hördüklərini, işləyən zaman orada Ağa olduğunu və Ağanın ailəsi tərəfindən ona yemək verildiyini, lakin işlədiyi işə görə pulu onlara Şahid1 verdiyini, tikinti gedən əraziyə Ağanın həyətindən daxil olduqlarını bildirmişdir. Məhkəmə iclasında Şahid3 izahatında usta işlədiyini, Şahid1 ona torpaq sahəsinin ətrafına daş hasar çəkmək lazım olduğunu bildirdiyini, təxminən 20 metr uzunluğunda divar üçün bünövrə qazıldığını və divar hördüklərini, işləyən zaman orada Ağa olduğunu və Ağanın ailəsi tərəfindən ona yemək verildiyini, lakin işlədiyi işə görə pulu onlara Şahid1 verdiyini, tikint gedən əraziyə Ağanın həyətindən daxil olduqlarını bildirmişdir. Məhkəmə iclasında Şahid4 izahatında İddiaçı onun arvadının bacısı olduğunu, Əntiqənin ona torpaq aldığını, həmin yerə torpağın bünövrəsinin qazılması və karkas tökülməsi işlərinin görülməli olduğunu, həmin ərazidə oğlu ilə işlədyini, işləyən zaman orada Ağanı gördüyünü, tikinti gedən əraziyə Ağanın həyətindən daxil olduqlarını bildirmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin və şahidlərin izahatlarını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə baxlanılan müqavilədən məlum olur ki, "xxxx" ASC-nin Ağdaş sukanal sahəsi ilə İddiaçı İlyas qızı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən 0.05 hektar torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan məlum olur ki, torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetsrində 81 nömrəli reyetr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yüklülük haqqında məlumata əsasən xx.xx.2017-ci il 10:56:58 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş F.Səfərov küç 35 ünvanında qeydiyyatda olan Cavabdeh1 tərəfindən Notariat kontoruna verilmiş xx.xx.2017-ci il tarixli 7E-4113 saylı ərizənin surətindən məlum olur ki, arvadı Cavabdeh2 məxsus olan Ağdaş şəhəri Karvan Yolu küç 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan torpaq sahəsinin satılmasına razılıq vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ləğv edilməli, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə İddiaçı verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsi iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qaytarılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(102)-2141/2022 saylı qərarın surətindən məlum olur ki, cavabdeh İddiaçı kassasiya şikayətinn təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 07-48/21 saylı mütəxəssis rəyindən məlum olur ki, ünvan 6 ünvanda yerləşəən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş Daş hasara və metal darvazanın sökülməsi zamanı dəymiş zərərin bərpa edilməsi xərci 1312.19 AZN, söküntü səbəbindən dəymiş xərc 446.27 AZN cəmi ümumi xərclər yekun olaraq 1758.47 AZN olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən 0.05 hektar torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 iyul 2017-ci il traixli etibarnamənin surətindən məlum olur ki, Cavabdeh2 2 ay müddətinə Şahid1 etibarnamə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа yuxarıda sadalan maddi hüquq normalarına məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 5000 manat pul və ünvan 7 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsi zamanı dəymiş zərərin əvəzi olan 1758.47 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumunun 60 manatı iddiaçıya aid edilməli, 68 manatı isə Cavabdeh1 tutularaq İddiaçı xeyrinə verilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. 77.1. Hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5000 manat və ünvan 7 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsinə görə dəymiş zərər kimi 1758.47 manat pul tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 60 manatı iddiaçıya aid edilməli, 68 manatı isə Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar