Məhkəmə qərarları › İş №e-2(014)-326/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-326/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-326/2024 08.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 72 ay müddətinə 9404,55 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh1 ilə xx.xx.2023-cı il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cı il tarixli Kredit müqaviləsinə əsasən 9404,55 manat əsas; 711,64 manat faiz; cəmi 10116,19 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9404,55 manat əsas; 711,64 manat faiz; cəmi 10116,19 manat pul vəsaitinin və 120,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının iştirakları olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1693575B102 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2una 72 ay müddətinə illik 22 % ödəmək şərtilə 9404,55 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2023cü il tarixli, № Z-RGTK1693575B102 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № RGTK1693575B102 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış 17 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 07 yanvar 2024-cü il tarixə banka əsas borc üzrə 9404,55 manat, faiz borcu üzrə 711,64 manat olmaqla, cəmi 10116,19 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 25 dekabr 2023-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 120,35 (yüz iyirmi manat otuz beş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1693575B102 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 72 ay müddətinə, illik 20 % ödəmək şərtilə 9404,55 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 9404,55 manat, faiz borcu üzrə 711,64 manat olmaqla, cəmi 10116,19 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z-RGTK1693575B102 saylı zaminlik müqaviləsinə əsasən kreditorla borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK1693575B102 saylı kredit müqaviləsinə əsasan kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 9404,55 (doqquz min dörd yüz dörd manat əlli beş qəpik) manat, faiz borcu üzrə 711,64 (yeddi yüz on bir manat altmış dörd qəpik) manat olmaqla, cəmi 10116,19 (on min yüz on altı manat on doqquz qəpik) manat məbləğində borc məbləği və 120,35 (yüz iyirmi manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 9404,55 (doqquz min dörd yüz dörd manat əlli beş qəpik) manat, faiz borcu üzrə 711,64 (yeddi yüz on bir manat altmış dörd qəpik) manat olmaqla, cəmi 10116,19 (on min yüz on altı manat on doqquz qəpik) manat məbləğində borc məbləği və 120,35 (yüz iyirmi manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar