Məhkəmə qərarları › İş №e-2(014)-345/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-345/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-345/2025 05.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ağalı qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ağalı qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Göyçay filialı (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 10301,26 (on min üç yüz bir manat 26 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh4 Ağalı qızı ilə L-GO- 0047645-F saylı Birgə Borcluluq və Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 ilə müvafiq olaraq GO-00001382, AS-00001545, GO-00002220, AS-00003785 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 5422,44 (beş min dörd yüz iyirmi iki səkkiz manat 44 qəpik) manat, faiz borcu üzrə 365,56 (üç yüz altmış manat 56 qəpik) manat olmaqla cəmi 5788 (beş min yeddi yüz səksən səkkiz) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 4878,82 (dörd min səkkiz yüz yetmiş səkkiz manat 82 qəpik) manat, faiz borcu üzrə 7,45 (yeddi manat 45 qəpik) manat olmaqla 4886,27 (dörd min səkkiz yüz səksən altı manat 27 qəpik) manat məbləğində kredit borcu var. Göstərilənləri nəzərə alaraq cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-GO-0047645-F saylı Kredit və GO-00001382, AS00001545, GO-00002220, AS-00003785 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh1,Cavabdeh4 Ağalı qızından, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada əsas məbləğ üzrə 4878,82 (dörd min səkkiz yüz yetmiş səkkiz manat 82 qəpik) manat, faiz borcu üzrə 7,45 (yeddi manat 45 qəpik) manat olmaqla 4886,27 (dörd min səkkiz yüz səksən altı manat 27 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ağalı qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan BOKT "xxxx" MMC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC-nin Göyçay filialı Cavabdeh1 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 10301,26 (on min üç yüz bir manat 26 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh4 Ağalı qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Birgə Borcluluq müqaviləsindən görünür ki, Mollayeva X2 Olmayan Kredit Təşkilatı "xxxx" MMC qarşısında Birgə Borcluluq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AS-00003785 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit Müqaviləsinə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi tam şəkildə ödəməyi öz öhdəsinə götürmüdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GO-00002220 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit Müqaviləsinə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi tam şəkildə ödəməyi öz öhdəsinə götürmüdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AS-00001545 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit Müqaviləsinə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi tam şəkildə ödəməyi öz öhdəsinə götürmüdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GO-00001382 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit Müqaviləsinə əsasən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi tam şəkildə ödəməyi öz öhdəsinə götürmüdür. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh1, Cavabdeh4 Ağalı qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC borcalanlara xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə ümumi borcu 4886,27 (dörd min səkkiz yüz səksən altı manat 27 qəpik) manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 69 (altmış doqquz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, BOKT "xxxx" MMC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı Kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-nin Göyçay filialı Cavabdeh1 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 10301,26 (on min üç yüz bir manat 26 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Eyni zamanda Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh4 Ağalı qızı arasında xx.xx.2019-cu il tarixdə L-GO-0047645-F saylı bağlanmış Birgə Borcluluq müqaviləsi bağlanmışdır. Bundan başqa Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh6 arasında xx.xx.2019-cu il tarixli, AS-00003785 saylı saylı, Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, GO-00002220 saylı saylı, Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, AS-00001545 saylı və Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixli, GO-00001382 saylı zaminlik müqaviləsi bağlamış, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etmədikləri üçün xəbərdarlıq edilmişlər və nəticədə onların xx.xx.2019-cu il tarixli, L-GO-0047645-F saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə ümumi borcu 4886,27 (dörd min səkkiz yüz səksən altı manat 27 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ağalı qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 4878,82 (dörd min səkkiz yüz yetmiş səkkiz manat səksən qəpik) manat, faiz borcu üzrə 7,45 (yeddi manat qırx beş qəpik) manat olmaqla 4886,27 (dörd min səkkiz yüz səksən altı manat iyirmi yeddi qəpik) manat borc və 69 (altmış doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ağalı qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 4878,82 (dörd min səkkiz yüz yetmiş səkkiz manat səksən qəpik) manat, faiz borcu üzrə 7,45 (yeddi manat qırx beş qəpik) manat olmaqla 4886,27 (dörd min səkkiz yüz səksən altı manat iyirmi yeddi qəpik) manat borc və 69 (altmış doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar