Məhkəmə qərarları › İş №e-2(014)-425/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-425/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-425/2025 20.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətova Günay Xalid qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiasına Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 780.30 (yeddi yüz səksən manat otuz qəpik) əsas məbləğ və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Citymap MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Citymap MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, TX426052-001 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, Chevrolet Cobalt markalı markalı **-PN-*** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 35 (otuz beş) manat ödəmək şərtiylə icarəyə verilmişdir. Bildiririk ki, Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, Cavabdeh tərəfindən ödənilməli olan 420 (dörd yüz iyirmi) manat icarə haqqı və 360 (üç yüz altmış ) manat cərimə (protokol) borcu ödənilməmiş saxlanılmışdır. (ümumilikdə 780 manat) (EQ 23481893, EQ23482438, EQ23481892, İXP6561340, EQ23757110, EQ24113798, EQ24494587, EQ23404776, EQ23767476, EQ23784499, EQ24321215, İXP6649649, EQ********) Cavabdeh barəsində tərtib olunmuş cərimələr tərəflərindən ödənilmişdir. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin müsbət həllinin təmin edilməsi üçün heçbir səy göstərməmişdir. Bu səbəblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işlərinin gərginlik səbəbilə prosesdə iştirak etməkləri qeyri-mümkündür. Mülki işə onların iştrakı olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, borc məbləği ilə qismən razıdır. Belə ki, bank dekabr ayında evlərinə pretenziya məktubu gəlmiş, 194 manat cərimə və günlük ödənişlər üçün 420 manat borcu olduğu bildirilmişdir. Onlara whatsapp vasitəsi ilə işsiz olduğunu, hal–hazırda borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Müqavilənin xx.xx.2024-cü il tarixədək qüvvədə olmasına baxmayaraq o, həmin avtomobili xx.xx.2024cü il tarixdə geri qaytarmışdır. Bu barədə aralarında təhvil-təslim aktı olmasa da, whatsapp yazışmaları mövcuddur. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli TX426052-001 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanılmışdır. İşin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoru X1 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, 2021 istehsalı olan **- PN-*** DQN Chevrolet Spark minik avtomobilini ona günlük əsaslarla sürmək üçün icarəyə verilməsini, avtomobildə baş verə biləcək bütün növ qəza, yol-nəqliyyat hadisələri ilə bağlı məsuliyyəti o daşıyır və avtomobili geri təhvil verən zaman götürdüyü kimi qaytarmağı öhdəlik kimi götürmüşdür. Əks halda haqqında edəcəkləri məhkəmə şikayətinə qarşı narazılığı olmayacaqdır. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh tərəfindən ödənilməli olan 420 manat icarə haqqı və 194.30 manat cərimə borcu ödənilməmiş saxlanılmışdır. Qeyd edilən borc məbləği 7 gün ərzində ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı və əlavə olaraq məhkəmə xərcləridə tutulacağı bildirilmişdir. İşin materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh cərimə borcu üzrə 360.30 manat, ödənilməmiş gün borcu üzrə 420 manat olmaqla cəmi 780.30 manat borcu vardır. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 521051-001 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh ümumi borcu 780.30 manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının ərizəsinin nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Citymap MMC ilə Cavabdeh arasında 25 iyun 2024-cü il tarixdə TX426052-001 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən icarə haqqının və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin bir hissəsi ödənilməmişdir. Cavabdeh həmin məbləğləri ödədiyini bildirsə də buna dair məhkəməyə heç bil sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzini ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurlmuş zərərin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması, əmlakın zədələnməsi, habelə hüquq pozulmasaydı həmin şəxsin eldə edə biləcəyi zərərlər nəzərdə tutulur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 700.5-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı MMC-yə olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh 780.30 (yeddi yüz səksən manat otuz qəpik) əsas məbləğ və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 780 (yeddi yüz səksən) manat 30 (otuz) qəpik əsas məbləğ və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar