Məhkəmə qərarları › İş №e-2(014)-430/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-430/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-430/2023 10.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********95 nömrəli xx.xx.2020- ci il tarixli kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən sonuncuya 18 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında BPM**********95 nömrəli xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi (bundan sonra “Zaminlik müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2.1-ci yarımbəndinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini bankın zamindən tələb etmək hüququ vardır. Bank tərəfindən cavabdehlərə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən onların üzərinə düşən öhdəliklər icra edilməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borc alan Cavabdeh1 banka ödənilməmiş 4515,02 manat əsas borc, 560,19 manat müqavilə müddətində faiz borcu və 193,77 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 5268,98 (beş min iki yüz altmış səkkiz manat, 98 qəpik) manat məbləğində kredit borcu qalmışdır. İddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh1 4515,02 manat əsas borcun 560,19 manat müqavilə müddətində hesablanmış faiz borcu və 193,77 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla cəmi 5268,98 (beş min iki yüz altmış səkkiz manat, 98 qəpik) manat məbləğində kredit borcunun habelə iddia ərizəsinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 72,69 (yetmiş iki manat, 69 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidmət haqqının əvəzinin iddiaçı "xxxx" ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № BPM**********95 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak tələbatını ödəmək üçün 18 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka əsas borc üzrə 4515,02 manat, faiz borcu üzrə 560,19 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər borcu üzrə 193,77 manat olmaqla, cəmi 5268,98 manat borcu qalmışdır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 72,69 (yetmiş iki manat, altmış doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № BPM**********95 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak tələbatını ödəmək üçün 18 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka banka əsas borc üzrə 4515,02 manat, faiz borcu üzrə 560,19 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər borcu üzrə 193,77 manat olmaqla, cəmi 5268,98 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 4515,02 (dörd min beş yüz on beş manat, iki qəpik) manat əsas, 560,19 (beş yüz altmış manat, on doqquz qəpik) manat faiz, 193,77 (yüz doxsan üç manat, yetmiş yeddi qəpik) müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 5268,98 (beş min iki yüz altmış səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində borc və 72,69 (yetmiş iki manat, altmış doqquz qəpik) ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 4515,02 (dörd min beş yüz on beş manat, iki qəpik) manat əsas, 560,19 (beş yüz altmış manat, on doqquz qəpik) manat faiz, 193,77 (yüz doxsan üç manat, yetmiş yeddi qəpik) müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 5268,98 (beş min iki yüz altmış səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində borc və 72,69 (yetmiş iki manat, altmış doqquz qəpik) ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzi alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar