Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-482/2025 12.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştrakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X3 (bundan sonra “Borcalan” adlandırılacaq) arasında bağlanmış BPM**********09 nömrəli Kredit Müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 46 ay müddətinə illik 22 % dərəcəsilə hesablanmaqla 8800.04 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2024-cü il tarixində vəfat etdiyindən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Ağdaş rayon Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair onun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 miras payıl əldə etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X1 Kredit müqaviləsi üzrə 5648.74 manat əsas borcu, 0.04 manat faiz borcu olmaqla, cəmi 5648.78 (beş min altı yüz qırx səkkiz manat 78 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən X1 vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı"xxxx" ASC-nin xeyrinə 5648.74 manat əsas, 0.04 manat faiz borcu olmaqla, cəmi 5648.78 (beş min altı yüz qırx səkkiz manat 78 qəpik) manat kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 76.49 (yetmiş altı manat 49 qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinə onun iştrakı olmadan baxılmasını və tələbi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında kredit götrülən zaman onun həbsdə olduğunu, qeyd edilən borcun ondan tutulmasının düzgün olmadığını, buna görə də işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında kreditin götrülməsindən onun xəbəri olmadığını bildirdi. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********09 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcalan X2 BPM**********09 nömrəli xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 46 ay müddətinə illik 22% dərəcəsilə hesablanmaqla 8800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2024cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********09 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə X1 xx.xx.2025-ci il tarixə nağd kredit üzrə ümumi borcu 5648,78 manat təşkil edir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhum X4xının vərəsələri hesab edilmişlər. İşin materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC BPM**********09 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 76,49 (yetmiş altı manat, qırx doqquz qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********09 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan X2 BPM**********09 nömrəli xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) əsasən Borcalana 46 ay müddətinə illik 22% dərəcəsilə hesablanmaqla 8800 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhum X4xının vərəsələri hesab edilmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xəbərdarlıq edilmələrinə baxmayaraq müqavilə üzrə üzərlərinə düşən öhtəliyi tam icra etməmişlər və oların müqavilə üzrə ümumilikdə borcu 5648,78 manat təşkil edir. Hazırda bank xx.xx.2024-cü il tarixdə ölmüş X1 varisləri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X1 vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 5648,74 manat əsas borc, 0,04 manat faiz borcu olmaqla, cəmi 5648,78 (beş min altı yüz qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 76,49 (yetmiş altı manat, qırx doqquz qəpik) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X1 vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 5648,74 manat əsas borc, 0,04 manat faiz borcu olmaqla, cəmi 5648,78 (beş min altı yüz qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 76,49 (yetmiş altı manat, qırx doqquz qəpik) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-482/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-482/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver