Məhkəmə qərarları › İş №e-2(014)-490/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-490/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-490/2025 06.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 825,00 (səkkiz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. DİNBİ və Tİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Ağdaş Rayon Məhkəməsinin Qərarında Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Həmçinin Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarda qeyd edilmişdir ki, Cavabdehsürücülük hüququ olmadan avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Yuxarıda göstərilənlərə əsasən 825,00 (səkkiz yüz iyirmi beş) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 855,00 (səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinin təmin edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəməyə Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, sığorta hadisəsi 22 fevral 2018-ci il tarixdə baş vermişdir. O, Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə mən həmin hadisəni törətdiyinə görə 800 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sığorta haqqında şəhadətnamədən görünür ki, idarə etdiyi Vaz 21063 markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə görə iddiaçı tərəflə aramızda 29 noyabr 2017-ci il tarixdə bir il müddətinə sığorta müqaviləsi imzalanaraq şəhadətnamə verilmişdir. Hadisə zamanı “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər iddiaçı tərəfindən 14 may 2018-ci il tarixdə sığorta ödənişi həyata keçirilmişdir. Həmin hadisədən sonra iddiaçı tərəfindən ona ödənilmiş sığorta haqqının subroqasiya qaydasında onlara ödənilməsini tələb etməmişlər. Göründüyü kimi iddiaçı tərəf keçən 7 ilə yaxın müddətdə aralarında yaranmış subroqasiya qaydasında ödənişlə bağlı onu xəbərdar etməmiş, həmin məbləği ondan tələb etməmiş, bununla da qanunvericiliklə iddia müddəti ilə bağlı onlara verilmiş hüquqdan istifadə etməmişdir. İddia tələbində ona qarşı iddia qaldırmaqla əlaqədar iddia müddətinin üzürlii səbəbdən buraxılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair mülki iş üzrə iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC iləCavabdeh arasında xx.xx.2017-ci il tarixində PAA********** saylı sığorta müqaviləsindən görünür ki, “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İşin materiallarında olan "xxxx" ASC-nin 14 mat 2018-ci il tarixli sığorta aktından görünür ki, X1 məxsus “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 825 manat məbləğində müəyyən edilmişdir. İşin materiallarında olan 14 may 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 825 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinn 08 iyun 2018-ci il tarixli, 3(014)- 238/2018 saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində “VAZ 21063” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Buna görə də Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 800 məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. İşin materiallarında olan TP ******* saylı, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 329.1-ci maddələri ilə təqsirli bilinərək 100 məbləğində inzibati cərimə edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ASC tərəfindən həyata keçirilmiş 1325 manat sığorta ödənişi əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2018-ci il tarixində “VAZ 21063” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz 190” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 825 manat məbləğində zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər olan 825 manat sığorta ödənişi X2 ödənilmiş, nəticədə Cavabdeh subroqasiya qaydasında 825 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq, iddia tələbinin iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Reqres iddia” ilə “subroqasiya hüququ” ayrı-ayrı anlayışlardır və onlar biridigərindən fərqli hüquqi nəticələr doğurur. “Reqres iddia” (əks tələb) - başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Subroqasiya hüququ” isə sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Bu baxımdan hazırkı halda iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsi üzrə yaranması güman edilən mübahisələrə tətbiq edilməli olan iddia müddəti ilə vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində göstərilir ki, ümumi iddia müddəti on il təşkil edir. Hazırkı halda iddiaçının tələbi ümumi iddia müddətinə şamil edildiyindən, məhkəmə hesab edir ki, cavabdehin ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar