Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-582/2025 15.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətova Günay Xalid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 yanvar 2022-ci il tarixli borc müqaviləsi üzrə 25500 manat məbləğində borc məbləğinin, gecikdirilmiş məbləğin illik 5 faizi hesablanmaqla məbləğin gecikdirilməsinə görə 3825 manat məbləğində, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində, dövlət rüsumu kimi ödənilmiş 193 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Səma Ələkbərova tərəfindən təsdiq edilmiş borc müqaviləsinə əsasən 25500 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq cavabdehə borc vermişdir. Dəfələrlə müraciət etsə də borcunun qaytarmamışdır. Aralarında olan tanışlıq münasibətinə görə illərlə gözləmişdir ki, ondan aldığı borcu cavabdeh qaytaracaq. Lakin cavabdeh aldığı borcdan ödəniş etməmiş, ödəniş etmək fikrinin olması da görünmür. Cavabdeh qeyd etdiyi müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. O müqavilənin ödənişin edilməsi barədə pretenziya qaydasında riayət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Yuxarıda göstərdiyi hallara görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 15 may 2025-ci il tarixdə Ağdaş rayon Məhkməsində sözügedən iş üzrə iddiaçı qismində iclasa çağırılmış, lakin üzürlü səbəblərdən iclasda iştirak edə bilmədiyindən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İşin materiallarında olan 19 yanvar 2022-ci il tarixli borc müqaviləsinin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat məbləğində borc pul vermişdir. Cavabdeh İddiaçı aldığı 25500 manat pulu 10 fevral 2022-ci il tarixinədək notariusun depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Son ödənişi 2022-ci ilin fevral ayının sonunda həyata keçirəcəyini bildirmişdir. İşin materiallarında olan pretenziya məktubun surətindən görünür ki, 19 yanvar 2022-ci il tarixli borc müqaviləsi üzrə 25500 manat məbləğində borc məbləğinin, gecikdirilmiş məbləğin illik 5 faizi hesablanmaqla məbləğin gecikdirilməsinə görə 3825 manat məbləğində, dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi təklifindən qəbul edildiyi gündən 03 gün ərzində cavab verilməsini və məbləğin tam ödənilməsini xahiş edir. Qeyd edilmiş müddət ərzində cavab verilməzsə və pul ödənilməzsə hərəkətsizlik imtina kimi qəbul ediləcək və müvafiq məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 193 (yüz doxsan üç) manat dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli 5-32-12/1-M-134/2025 saylı məktubun surətindən görünür ki, Cavabdeh Ağdaş rayon Yuxarə Ləki kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Yuxarı ləki kəndində yaşayır. Hər iki valideynlərinin də harada olması barədə heç bir məlumatları yoxdur. Heç bir əlaqə vasitəsi əldə etmək mümkün olmadı. Odur ki, göndərdiyiniz 2(014)-582/2025 saylı məhkəmə bildirişini şəxsən ona çatdırılması mümkün olmadı. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarında 19 yanvar 2022-ci il tarixdə rəsmi şəkildə müqavilə bağlanmış, İddiaçı Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu 10 fevral 2022-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, borc məbləğini ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə ki, tərəflər arasında 25500 manat məbləğində borcun yaranması ilə bağlı yazılı formada Notariat qaydada 19 yanvar 2022-ci il tarixdə bağlanılmış borc müqaviləsi vardır. Məhkəmə iddia tələbinin borc müqaviləsinə əsasən 25500 manat məbləğində borcun tutulmasına münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, “Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçının iddia ərizəsində tələb etdiyi dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pula dair məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində mənəvi ziyanın nədən ifadə olunmasını, bunun hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinin nədən ibarət olmasını təsdiq edən hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını və işin faktiki hallarını tətbiq edərək belə qənaətə gəlir ki, iddia tələbi mənəvi ziyana görə hissədə əsassızdır və təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsini əsassız hesab edərək bildirir ki, iddiaçı fiziki şəxsdir, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsi kredit münasibətləri müqavilə ilə tənzimlənmir. Eyni zamanda kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Lakin tərəflər arasında bağlanmış borc müqaviləsinin 3-cü bəndində borcun faizsiz verilməsi şərtləndirilmişdir. Hazırki halda tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliyin qanunla müəyyən edilmiş müddət ərzində qaytarılmamasına görə müqavilə müddəti ərzində müqavilədə göstərilmiş faizləri, müqavilə müddətindən sonra isə qanunla müəyyən edilmiş faizləri tələb etmək hüququna malik olduğundan, iddiaçının əsas borcun vaxtında geri qaytarılmaması ilə bağlı cavabdehdən əlavə olaraq əldən çıxmış fayda (Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsi) qismində pul tələb etməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat borc pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hisssədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 166.50 (yüz altmış altı manat əlli qəpik) dövlət rüsumunun əvəzi olan pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа tələbi qismən təmin еdilsin. Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat borc pul və 166.50 (yüz altmış altı manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi olan pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-582/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-582/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver