Məhkəmə qərarları › İş №e-2(014)-641/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-641/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-641/2023 27.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Hyundai Elantra minik” markalı, **-GA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 55 (əlli beş), ümumilikdə 495 (dörd yüz doxsan beş) manat olmaq şərtiylə icarəyə verilmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərər qarşılanmamışdır. Belə ki, cavadbeh Cavabdeh xx.xx.2022-ci il tarixində nəqliyyat vasitəsini təhvil verən zaman avtomobilin mühərrik hissəsində nasazlıq hiss olunmuş və nəqliyyat vasitəsi dərhal evakuator vasitəsi ilə servis mərkəzinə aparılmış və mühərrikin sıradan çıxması diaqnozu qoyulmuşdur. Mütəxəssis tərəfindən avtomobilə dəymiş zərər 2330 (iki min üç yüz otuz) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh nəqliyyat vasitəsini təhvil verən zaman borcu tez bir zamanda ödəyəcəyi barədə söz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SN №1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən MMC “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəçinin istifadəsinə verir. İcarəçi avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş məbləği MMC-yə ödəyir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SN №1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinin 8.2-ci bəndinə əsasən icarəçi sürət həddini “120 km/saat” aşarsa “icarəçi” hər sürət həddini aşmasına görə İddiaçı MMC-nin xeyrinə 50 Azn, “140 km/saat” aşarsa 100 Azn, “160 km/saat” aşarsa 500 Azn cərimə ödəməlidir və əlavə olaraq avtomobil GPS izləmə vasitəsi ilə söndürülüb, geri təhvil götürüləcəkdir. Avtonəqliyyat vasitəsi icarəçidə olduğu müddətdə onun mühərrik, transmissiya (ana-qabaq körpü, ötürmələr qutusu) digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyəti icarəçi daşıyır. İcarəçi avtomobilə yazılmış hər bala görə İddiaçı MMC-nin xeyrinə 50 AZN cərimə ödəməlidir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixli, 1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş, **-GA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində təhvil götürülən zaman nəqliyyat vasitəsinin mühərrik sistemində nasazlıq aşkar olunmuşdur. Həmin aktın 2-ci bəndində avtomobil təhvil verilərkən akt cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli zərər aktından görünür ki, “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 2690 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 44 (qırx dörd) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SN №1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən həmin tarixdə Cavabdeh MMC tərəfindən “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində təhvil götürülən zaman nəqliyyat vasitəsinin mühərrik sistemində nasazlıq aşkar olunması qeyd olunsa da, avtomobilin təhvil verilərkən qüsurlu olmasına dair aktın 2-ci bəndini cavabdeh imzalamamış, aktı imzalamaqdan imtina etməkdən imtina etməsi qeyd olunmamış, onun imzalamaqdan imtina etməsi də digər şəxslərin imzaları ilə təsdiq olunmamışdır. Bu da aktın həmin punktunun sonradan doldurulmasına dair məhkəmədə əsaslı şübhələr yaradır. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində isə avtonəqliyyat vasitəsiin icarəçidə olduğu müddətdə onun mühərrik, transmissiya (ana-qabaq körpü, ötürmələr qutusu) digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyətin icarəçinin daşımağı göstərilsə də, hazırkı halda qüsurun avtomobilin icarəçidə olduğu vaxtda baş verməsini təsdiq edən heç bir mötəbər (və ya tərəflərin hər ikisinin bu halı təsdiq edən) sənəd mövcud deyildir. Belə olan halda isə cavabdehin iddiaçıya zərər vurması təsdiq olunmur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2330 (iki min üç yüz otuz) manat məbləğində zərər vurulması işin materialları ilə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar