Məhkəmə qərarları › İş №e-2(014)-716/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-716/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-716/2024 12.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Fərhad oğluna və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Fərhad oğluna və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 31280***- *******02L saylı 28 fevral 2023-cü il tarixli Əsas Kredit limiti razılaşmasına əsasən Cavabdeh1 Fərhad oğluna 36 ay müddətinə illik 14,5% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7000 AZN məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli 31FİZAM173553102 saylı Zaminlik müqaviləsi imzalanmış və o həmin müqavilə üzrə öhdəlikləri öz üzərilərinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehlərin İddiaçıSC-yə xx.xx.2024-cü il tarixinə 6375,9 AZN əsas kredit borcu, 399,36 AZN kreditdən istifadəyə görə faiz borcu, 36,84 AZN cərimə olmaqla,cəmi 6812,1 AZN borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindəyik. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 Fərhad oğlundan və Cavabdeh2 müştərək qaydada 6375,9 AZN əsas kredit borcu, 399,36 AZN kreditdən istifadəyə görə faiz borcu, 36,84 AZN cərimə olmaqla,cəmi 6812,1 AZN borcunun, həmçinin 88,13 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında, borclu Cavabdeh1 Fərhad oğlunun xəstə olduğunu, onun həmin borcu ödəməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 Fərhad oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 Fərhad oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC ilə borclu Cavabdeh1 Fərhad oğlu arasında bağlanmış 31280***-*******02L saylı 28 fevral 2023-cü il tarixli Əsas Kredit limiti razılaşmasından görünür ki, Cavabdeh1 Fərhad oğluna 36 ay müddətinə illik 14,5% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7000 AZN məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 31FİZAM173553102 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə borclu Cavabdeh1 Fərhad oğlu arasında bağlanmış 31280***- *******02L saylı 28 fevral 2023-cü il tarixli Əsas Kredit limiti razılaşması üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Fərhad oğlunun 15 yanvar 2024-cü il tarixə banka 6375,9 AZN əsas kredit borcu, 399,36 AZN kreditdən istifadəyə görə faiz borcu, 36,84 AZN cərimə borcu qalmışdır. İşin materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 Fərhad oğluna və Cavabdeh2 ünvanlanmış 15 yanvar 2024-ci il tarixli pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh1 Fərhad oğlu və Cavabdeh2 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 88,13 (səksən səkkiz manat on üç qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 Fərhad oğlu arasında bağlanmış 31280***-*******02L saylı 28 fevral 2023-cü il tarixli Əsas Kredit limiti razılaşmasına əsasən 36 ay müddətinə illik 14,5% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7000 AZN məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli 31FİZAM173553102 saylı Zaminlik müqaviləsi imzalanmış və o həmin müqavilə üzrə öhdəlikləri öz üzərilərinə götürmüşdür. Cavabdehlər müqavilələr üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 6375,9 (altı min üç yüz yetmiş beş manat, doxsan qəpik) manat, faiz borcu üzrə 399,36 (üz yüz doxsan doqquz manat otuz altı qəpik) manat, cərimə borcu üzrə 36,84 (otuz altı manat səksən dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 Fərhad oğlu və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6375,9 (altı min üç yüz yetmiş beş manat, doxsan qəpik) manat, faiz borcu üzrə 399,36 (üz yüz doxsan doqquz manat otuz altı qəpik) manat, cərimə borcu üzrə 36,84 (otuz altı manat səksən dörd qəpik) manat olmaqla, cəmi 6812,10 (altı min səkkiz yüz on iki manat on qəpik) manat məbləğində borc məbləği və 88,13 (səksən səkkiz manat on üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Fərhad oğlu və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6375,9 (altı min üç yüz yetmiş beş manat, doxsan qəpik) manat, faiz borcu üzrə 399,36 (üz yüz doxsan doqquz manat otuz altı qəpik) manat, cərimə borcu üzrə 36,84 (otuz altı manat səksən dörd qəpik) manat olmaqla, cəmi 6812,10 (altı min səkkiz yüz on iki manat on qəpik) manat məbləğində borc məbləği və 88,13 (səksən səkkiz manat on üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar