Məhkəmə qərarları › İş №e-2(014)-746/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-746/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-746/2025 20.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətova Günay Xalid qızının katibliyi İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi haqqında iddiasına dair işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı BOKT MMC qarşısında yaranmış 664,11 (altı yüz altmış dörd manat 11 qəpik) AZN əsas borcu, 124,11 (bir yüz iyirmi dörd manat 11 qəpik) AZN faiz borc, 500,00 (beş yüz manat 00 qəpik) AZN məbləğində ödənilməmiş dəbbə borcu və 32,88 (otuz iki manat 88 qəpik) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 1321,10 (bir min üç yüz iyirmi bir manat 10 qəpik) manat tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış FN02-0020 saylı kredit ərizəsinə əsasən “Borc verən” bu müqaviləsində göstərilən pul məbləğinin “Borcalana” verməyi, “Borcalan” isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada “Borc verən”ı qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borc verən” 2500 (iki min beş yüz manat 00 qəpik) manat məbləğində pulu “Borcalan”a 18 (on səkkiz) ay müddətinə müqavilə müddəti üzrə 34% dərəcəsi ödəməklə və şəxsi istehlakın ödənilməsi məqsədi üçün verir. Borc Cavabdeh3 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli FN02-0020 saylı zaminlik müqavilələri ilə təmin edilmişdir. «Regional” BOKT MMC tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirilmişdir. Lakin, “borcalan” X1 tərəfindən xx.xx.2024-cü il tarixdən etibarən kredit müqaviləsi ilə nəzərdə tutulmuş borc öhdəliyi tam yerinə yetirməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanaraq gecikdirilmiş borcun tez bir zamanda qaytarılması tələb olunsa da, o bundan imtina etmişdir. Borcalan Cavabdeh1 xx.xx.2025-ci il tarixdə 664.11 manat əsas, 124.11 manat faiz, 500 manat məbləğində ödənilməmiş dəbbə borcu qalmışdır. İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, Cavabdeh1 ilə kredit müqaviləsi bağlanaraq ona 2500 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əsasən də digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər üzərlərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiklərindən onların banka borcları qalmışdır. Ona görə də iddianın təmin edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli FN02-0020 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC Cavabdeh1 istehlak məqsədləri üçün 18 ay müddətinə illik 34% olmaq şərtilə 2550 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli FN02-0020 saylı zaminlik müqavilələrinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli FN02-0020 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin materiallarında olan İddiaçı BOKT MMC tərəfindən verilmiş № 08-221941 saylı, 20 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli FN02-0020 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 19 fevral 2025-ci il tarixə ümumi borcu 1288.22 manat təşkil edir. İşin materiallarında olan İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 göndərilmiş 04 dekabr 2024-cü il tarixli bildiriş (sonuncu) məktubundan görünür ki, İddiaçı BOKT MMC borcalana xx.xx.2023-cü il tarixli FN02-0020 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 göndərilmiş 06 fevral 2025-ci il tarixli son xəbərdarlıq məktubundan görünür ki, İddiaçı BOKT MMC borcalana xx.xx.2023-cü il tarixli FN02-0020 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32.88 (otuz iki manat səksən səkkiz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli FN02-0020 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə, illik faiz dərəcəsi 34 % olmaqla cəmi 2550 (iki min beş yüz əlli) manat məbləğində kredit verilmiş, Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə İddiaçı BOKT MMC tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onların MMC-yə ümumilikdə 1288.22 (bir min iki yüz səksən səkkiz manat iyirmi iki) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini ərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.q Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 664.11 (altı yüz altmış dörd manat 11 qəpik) manat, faiz borcu üzrə 124,11 (bir yüz iyirmi dörd manat 11 qəpik) manat və cərimə borcu üzrə 10 (on) manat olmaqla, cəmi 798.22 (yeddi yüz doxsan səkkiz manat iyirmi iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı BOKT MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 664.11 (altı yüz altmış dörd manat 11 qəpik) manat, faiz borcu üzrə 124,11 (bir yüz iyirmi dörd manat 11 qəpik) manat və cərimə borcu üzrə 10 (on) manat olmaqla, cəmi 798.22 (yeddi yüz doxsan səkkiz manat iyirmi iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı BOKT MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar