Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-769/2024 12.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2019-cu il tarixdə o iddia tələbi üzrə cavabdeh olan Cavabdeh ilə rəsmi nikaha daxil oiaraq ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(021)-448/2023 nömrəli qətnaməsi ilə cavabdehin müraciəti əsasında onların nikahı məhkəmə tərəfindən pozulmuş, nikah pozularkən onların ümumi uşağı olan 11 yanvar 2021-ci il tarixdə anadan olmuş X3 onunla qalması müəyyən edilmiş və onun saxlanması üçün, uşaq 18 yaşına çatanadək hər ay iddiaçının xeyrinə 150 (yüz əlli) manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda alimentin ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarından 1 (bir) ildən çox vaxt keçmişdir. Bu müddət ərzində uşaq da 1 (bir) yaş böyümüş və onun maddı tələbatları xeyli artmışdır. Artıq məhkəmə tərəfindən tutulan aliment məbləği uşağın tələbatlarının tam ödənilməsinə kifayət etmir. Cavabdehsə rayon məhkəməsi tərəfindən tutulmuş alimentdən başqa onun saxlanması üçün heç bir maddi kömək göstərmir. Qızlarının təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onun tam xərclərini ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Mövcud qanunvericiliyə uyğun olaraq o alimentin artırılması barədə cavabdehlə aralarında yaranmış mübahisəni Mediasiya prosesinin tədbiqi vasitəsi ilə həll etməyə çalışsa da cavabdehin inadkarlığı səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişlər. Qeyd edilən səbəblərdən o alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə təqdim olunan tarixdən başlayaraq 11 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 üçün Bərdə rayon məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(021)-448/2023 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin Cavabdeh tutularaq mən iddiaçı, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında Bərdə rayon məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(021)-448/2023 nömrəli qətnaməsi əsasında qəbul edilmiş 150 manat məbləğində alimenti çətinliklə ödəyir. Himayəsində xəstə anası var. Bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş RİHB-nın Ləki Qəsəbə İƏD üzrə nümayəndəsliyi tərəfindən verilmiş 23 yanvar 2021-ci il tarixli, AZ - İV seriyalı, № 439583 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 yanvar 2021-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(021)-448/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh 03 noyabr 2022-ci il tarixdən başlayaraq 11 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay 150 manat alimentin İddiaçı xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. İşin materiallarında olan ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 17 aprel 2024-cü il tarixli, MŞM/MT 00215/2024 seriyalı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin Cavabdeh mediyasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 50 manat İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 11 yanvar 2021-ci il təvəllüdlü X4 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, məhkəmənin 17 yanvar 2023-cü il tarixli 2(021)-448/2023 saylı qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikah pozulmuş, 11 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin 03 noyabr 2022-ci il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Bərdə Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər ay tutulan 150 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 190 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən bir uşaq üçün 150 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(021)-448/2023 saylı qətnaməsinə əsasən 11 yanvar 2021-ci il təvəllüdlü X1 üçün hər ay tutulan alimentin miqdarı artırılaraq 190 (yüz doxsan) manat məbləğində müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(021)-448/2023 saylı qətnaməsinə əsasən 11 yanvar 2021-ci il təvəllüdlü X1 üçün hər ay tutulan alimentin miqdarı artırılaraq 190 (yüz doxsan) manat məbləğində müəyyən edilsin. Cavabdeh 11 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 (yüz doxsan) sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-769/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-769/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver