Məhkəmə qərarları › İş №e-2(014)-87/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-87/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-87/2023 01.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış evindən çıxarılma və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış evindən çıxarılma və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4də yerləşən 30 saylı fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2015-ci il tarixli çıxarış alınmışdır. İddiaçı QSC tərəfindən Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslər barədə məlumatın alınması üçün Ağdaş rayon Polis Şöbəsinə və Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu ilə müraciət edilmişdir. Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 269 saylı arayışından müəyyən olunur ki, Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evində Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. Həmçinin Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X2 və X1 şəhəri M.P.Vaqif küçəsi 386 saylı ünvanda qeydiyyatdadır, lakin ünvan 2i qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişlər. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Göstərilənlərə əsasən Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılmaları və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriya, № ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0605 ha torpaq sahəsi və üzərində inşa edilmiş 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, № 269 saylı məktubdan görünür ki, Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 30 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Gəlini Cavabdeh2 və nəvələri Cavabdeh1, Cavabdeh4, X2 və X3 isə ünvan 1 ünvanda qeydiyyatdadırlar, lakin ünvan 4. İşin materiallarında olan İddiaçı QSC ilə X4 və Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2012-ci il tarixli, 15M000000398 saylı ipoteka müqaviləsinə əsasən X4 və Cavabdeh3 60 (altmış) ay müddətinə, illik 1(bir) faiz ödəmək şərti ilə 996,16 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 492311 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2009cu il tarixdə ölmüşdür. İşin materiallarında olan İddiaçı QSC ilə X5 və Cavabdeh3 arasında baglanmış xx.xx.2012-ci il tarixli, № 15M000000398 saylı ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0,0605 ha torpaq sahəsi və üzərində inşa edilmiş 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət üzrə ipoteka yüklü edilmişdir. İşin materiallarında olan xx.xx.2012-ci il tarixli, MA seriyalı, № ******* saylı çıxarışdan görünür ki, X5 və Cavabdeh3 məxsus reyestr nümrəsi **********26-10301 olan ünvan 3 ünvanında yerləşən 0,0605 ha torpaq sahəsi və üzərində inşa edilmiş 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ipoteka ilə yüklü edilmənin müddəti 120 ay müddətinə müəyyən edilmişdir. İşin materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən verilmiş xx.xx.2015-ci il tatixli, № Y-114 saylı hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, ipotekasaxlayan İddiaçı QSC ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 326,33 kv.m olan fərdi yaşayış evini 56100 manata almışdır. İşin materiallarında olan xx.xx.2022-ci mil tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evinin boşaldılması ilə bağlı xəbərdarlıq olunmuşlar. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 100 (yüz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə X4 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0,0605 ha torpaq sahəsi və üzərində inşa edilmiş 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət üzrə ipoteka yüklü edilmişdir. İpotekasaxlayan İddiaçı QSC ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 326,33 kv.m olan fərdi yaşayış evini hərracdan 56100 manata almışdır. Hazırda iddiaçı Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsini və Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılmasını və əmlakın boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilməli və Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılmalı, əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh3 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Ağdaş şəhəri S.Səlimoğlu küçəsi dalan 4-də yerləşən 30 saylı fərdi yaşayış evindən çıxarılsınlar və əmlak boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar