Məhkəmə qərarları › İş №e-2(014)-912/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-912/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-912/2024 19.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə X5 arasında bağlanmış 21 iyul 2015-ci il tarixli 19 saylı kredit müqaviləsi üzrə əsas borc 3635 manat, əldən çıxmış fayda qismində illik 5%-lə hesablanmış faiz borcu 2944.73 manat, cəmi 6579.73 manat borcun və ödənilmiş 85.79 manat dövlət rüsumunun onun hüquqi varisi olan Cavabdeh2, habelə Cavabdeh1 və Cavabdeh3 tutlaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Ucar filialı ilə X5 arasında 21 iyul 2015-ci il tarixli 19 mz saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X4 4000 manat məbləğində 24 ay müddətinə illik 27 % olmaqla manat kredit borcunu müqavilə imzalandığı tarixdən illik 27 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 24 ay müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Ucar filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında 21 iyul 2015-ci il tarixli 26z və 27z saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borcverənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh X5 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsi gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. xx.xx.2016-ci il tarixli X8 əsasən X5 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ağdaş rayon icra Hakimiyyəti Gürcüva kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 oktyabr 2023cü il tarixli 5-32-12/2-410/2023 saylı arayışına əsasən X5 vəfat etdikdən sonra onun yeganə varısı Cavabdeh2, onun hüquqi varisi olmuşdur. X5 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 21 iyul 2015-ci il tarixli 19mz saylı kredit müqaviləsi üzrə əsas borc 3635 manat əldən çıxmış fayda qismində illik 5 %-lə hesablanmış faiz borcu 2944.73 manat, cəmi borcu 6579.73(altı min beş yüz yetmiş doqquz manat 73 qəpik) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, xx.xx.2016-ci il tarixli X8 əsasən borclu X5 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. X5 vəfat etdikdən sonra onun yeganə varisi Cavabdeh2, onun hüquqi varisi olmuşdur. Cavabdeh1 və Cavabdeh3 ilə zaminlk müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Ucar filialı ilə X5 arasında 21 iyul 2015-ci il tarixli 19 mz saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X4 4000 manat məbləğində 24 ay müddətinə illik 27 % olmaqla manat kredit borcunu müqavilə imzalandığı tarixdən illik 27 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 24 ay müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Ucar filialı ilə o və Cavabdeh3 arasında 21 iyul 2015-ci il tarixli 26z və 27z saylı zaminlik müqavilələri bağlanmışdır. X5 onun bacısıdır. Pulu ev tikdirmək üçün götürmüşdür. Lakin sonradan bacısı xəstələnib rəhmətə getmişdir. Onun hüquqi varisi qismində Cavabdeh2 tanınmışdır. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Bundan sonra yenidən ödəniş etmək imkanı olmamışdır ki, son ödənişdən üç ildən çox müddət keçmişdir və həmin müddət ərzində cavabdehlərə kredit ödənişi ilə bağlı heç bir xəbərdarlıq olunmamış və ya iddiaçı tərəfindən kreditin ödənilməsi üçün hər hansı hərəkətlər edilməmişdir. Buna görə də iddiaçı təşkilat tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə icalsında iddia tələbinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq bildirdi ki, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan müqavilə xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır.Həmin müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. xx.xx.2016-ci il tarixdə anası X5 rəhmətə getmişdir. Onun hüquqi varisi qismində o tanınmışdır. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Bank müqavilə bitdikdən 7 il sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı bank qanunla müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. Buna görə də, 3 illik iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Maddi vəziyyəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyi üçün onun iştirakı olmadan işə baxılmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin materiallarında olan İddiaçı QSC-nin Ucar filialı ilə borclu X5 arasında bağlanmış 21 iyul 2015-ci il tarixli 19 mz saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən X4 24 ay müddətinə illik 27 % ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan 21 iyul 2015-ci il tarixli 19 mz saylı kredit müqaviləsinə ödəniş cədvəlindən görünür ki, X5 21 iyul 2015-ci il tarixdən başlayaraq 21 iyul 2017-ci il tarixədək hər ay 217.52 manat kredit ödənişi etməli olmuşdur. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 21 iyul 2015-ci il tarixli 26z və 27z saylı zaminlik müqavilələrinə əsasən kreditorla borclu arasında bağlanmış 21 iyul 2015-ci il tarixli 19mz saylı kredit müqaviləsinə əsasan 4000 (dörd min) manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İşin materiallarında olan AR Ağdaş RİHB-nin Gürcüva kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2016-cı il tarixli AZ-İ 780178 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 10 yanvar 2016-cı il tarixdə ölmüşdür. İşin materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış 17 iyul 2017-ci il tarixli 397 saylı xəbərdarlıq (pretenziya) məktublarından görünür ki, İddiaçı QSC BOKT-nın Ucar filialı ilə aranızda bağlanmış xx.xx.2015-ci il tarixli 19MZ saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflərindən sizə 24 ay müddətinə ödənilmək şərtilə 4000 manat məbləğində kredit ayrılmışdır. Müqavilə üzrə öhdəliyin hər ayın 24-ü tarixində icra edilməsi planlaşdırılmışdır.Lakin söz müqavilə üzrə üzərinizə düşən öhdəlik vəzifələrinizi pozursunuz və pozmaqda davam edirsiniz. Kredit müqaviləsinin təminatı üsulu kimi həmçinin İddiaçı SKT-ı ilə Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Qanunvericiliyiə və müqaviləyə görə “Zamin, siz öz öhdəliyinizi tam icra edənədək Kreditor qarşısında sizinlə birlikdə məsuliyyət daşıyır. Müqaviləyə görə “Borcalan”, “Kreditor” qarşısında öz öhdəliklərinin icrasını lazimi qaydada icra etmədikdə “Kreditor” “Zamin”dən verilmiş kreditin və ona hesablanmış faiz borcunun, həmçinin kreditin geri qaytarılması istiqamətində çəkilmiş digər izafi xərclərin ödənilməsini tələb edə bilər. xx.xx.2017-ci il tarixə sizin kredit təşkilatına olan vaxtı keçmiş əsas borcunuz 3422.22 manat, faiz borcunuz 808.43 manat, cəmi gecikmiş borcunuz 4230.65 manat təşkil edir. Borcun ödənilməsi barədə sizə və zaminə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Odur ki, 10 gün müddətində xəbərdarlıq məktubunda göstərilən əsas və faiz borcunun kredit Təşkilatının hesabına ödənilməsi sizdən tələb olunur. İddiaçı QSC BOKT-nın Ucar filialına olan 4230.65 kredit borcunuzun sizin və zaminlərin əmlakını, o cümlədən əmək haqqı, pensiya, avtomobiliniz, evinizdə olan məişət əşyaları, habelə təsərrüfatınızda olan mal-qara və sair əmlakların götürülərək satılması hesabına ödənilməsi barədə tərəflərindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə ünvanlanmış 16 avqust 2018-ci il tarixli kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, əsas borc üzrə 3635 manat, faiz borcu üzrə 2947.67 manat, cəmi 6582.67 manat borcu qalmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(014)-2144/2018 saylı qərardadının surətindən məlum olur ki, İddiaçı QSC BOKT-un cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun cavabdehlərdən müştərək tutulmasına” tələbinə dair mülki işin icraatı mərhum X2 hüquqi varisi müəyyən edilənə kimi dayandırılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(014)-27/2020 saylı qərardadının surətindən məlum olur ki, İddiaçı QSC BOKT-un cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun cavabdehlərdən müştərək tutulmasına” tələbinə dair mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı QSC-nin Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 86 (səksən altı) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Ucar filialı ilə X5 arasında 21 iyul 2015-ci il tarixli 19 mz saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə illik 27 % olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Ucar filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında 21 iyul 2015-ci il tarixli 26z və 27z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zaminlər Cavabdeh1 və Cavabdeh3 borclu X1 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx.xx.2016-cı il tarixli X8 əsasən X5 xx.xx.2016-cı il tarixdə vəfat etməsi məlum olmuşdur. Azərbaycan Respublikası Ağdaş rayon icra Hakimiyyəti Gürcüva kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 oktyabr 2023-cü il tarixli 5-32-12/2-410/2023 saylı arayışına əsasən X5 vəfat etdikdən sonra onun yeganə varisi Cavabdeh2 olduğu bildirimişdir. X5 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 21 iyul 2015-ci il tarixli 19mz saylı kredit müqaviləsinin müddəti 21 iyul 2017-ci il tarixdə başa çatmışdır və həmin gündən sonra cavabdehlər tərəfindən hər hansı ödənişin olunması aşkar olunmamışdır. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan əlavə, məhkəmə hesab edir ki, həm əsas öhdəlik üzrə iddia müddəti buraxıldığından, həm də zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün zaminliyə xitam verildiyindən zaminlər bank qarşısında heç bir məsuliyyət daşımırlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 21 iyul 2017-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 1 ildən çox müddət keçdiyindən zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 2.3-cü bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti – borcalan kredit təşkilatı qarşısında 21 iyul 2015-ci il tarixli 19 mz saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirənədəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar