Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-981/2024 29.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərcin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərcin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən 2018-ci ilədək o, bu iddia tələbi üzrə cavabdeh olan Cavabdeh ilə rəsmi ailə münasibətlərində olmuşdur. Cavabdehlə onun 04 iyul 2011-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmamış X6 adlı 1 (bir) uşağı var. Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(014)- 1247/2019 nömrəli qətnaməsi ilə cavabdehdən onun xeyrinə uşağın saxlanması üçün uşaq 18 yaşına çatanadək hər ay 110 (yüz on) manat alimentin və 20 manat əlavə xərcin tutulması qət edilmişdir. Cavabdehlə onun oğlu Yusif doğulandan monolateral daxili çəplik xəstəliyindən əziyyət çəkir. Hazırda alimentin ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarından 5 (beş) ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində uşaq da 5 (beş) yaş böyümüşdür. O, yaşa dolduqca onun həm maddi tələbatları, həm də xəstəlikləri ilə bağlı xərclər də xeyli artmışdır. Bu səbəbdən məhkəmə tərəfindən onun üçün tutulan pul məbləği artıq uşağın tələbatlarının ödənilməsinə kifayət etmir. Cavabdeh uşağın həyatı, sağlamlığı, təhsili və maddi vəziyyəti ilə maraqlanmır. Xəstə övladının təlim-tərbiyəsi ilə məşğul olaraq onun qayğısına qalmaqla yanaşı, həm də uşağın tam xərclərini ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qeyd edilən səbəblərdən o, Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(014)-1247/2019 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılması qərarına gələrək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onunla arasında yaranmış mübahisənin qarşılıqlı həlli üçün cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin o, bu təklifi qəbul edib-etməməyi barədə cavab vermədiyindən o, ərazi aidiyyəti üzrə Mingəçevir 1 saylı Mediasiya Təşkilatına müraciət edərək mübahisə ilə bağlı ilkin mediasiya sessiyasının keçirilməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2024-cü il tarixdə keçirilmiş İMS-də iştirak etmək istəməməsi səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Qeyd edilən səbəblərdən o, məhkəmə tərəfindən uşaq üçün tutulan pul məbləğinin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin nəticəvi (“xahiş edirəm”) hissəsində o “Bu iddia ərizəsi qəbul edilərək baxılsın və iddia məhkəməyə təqdim olunan gündən başlayaraq uşaqlıqdan ağır xəstə və maddi yardıma ehtiyacı olan 04 iyul 2011-ci il tarixdə anadan olmuş X2 üçün Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(014)-1247/2019 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan 110 manat alimentin və 20 manat əlavə xərcin məbləği artırılaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay, aliment kimi 200 (iki yüz) manat və uşağa göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar əlavə xərc kimi 50 (əlli) manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğinin cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilsin” qeyd etməyinə baxmayaraq, iddia tələbini səhvən alimentin miqdarının artırılması kimi yazmışdır. Bu səbəbdən o iddia tələbini dəyişdirməyi (dəqiqləşdirməyi) qərara alaraq məhkəmədən yeni iddia ərizəsinin qəbul edilərək iş materiallarına əlavə edilməsini və mülki işə buna qədər məhkəməyə təqdim etdiyi sənədlər əsasında “Alimentin və uşağa göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar əlavə xərcin miqdarının artırılması tələbi” həcmində baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı ona qarşı “Alimentin artırılması” tələbinə dair verdiyi iddiası vardır. Həmin iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 10:10-a təyin edilmişdir. Bununla bağlı bildirir ki, iddiaçının onun barəsində iddia ərizəsində göstərdiyi bəzi faktlar həqiqətə uyğun deyildir. Həqiqətən də onun iddiaçı ilə birgə nikah dövründə xx.xx.2011-ci il tarixdə X8 adlı övladları olmuşdur. Onu da bildirir ki, iddiaçı iddiasında göstərmişdir ki, guya o, ailəsinə soyuq münasibət bəsləyir, uşağın qayğısına qalmır. İddiaçının günahı üzündən o, övladını görə bilmir. Buna baxmayaraq iddiaçıya uşağın saxlanması üçün imkan daxilində hər ay alimenti verir. Hazırda heç bir aliment borcu yoxdur. Bildirir ki, heç bir dövlət müəssisəsində, idarədə işləmir. İşlə bağlı müraciətlər etməyinə baxmayaraq işsizdir. Hal-hazırda səhhətində ciddi problemlər var. Onun ciyəri xəstədir. Bununla bağlı həkim sənədini təqdim etmişdir. Bütün bunlara baxmayaraq, o, kiminsə həyətində, evində fəhlə işi olanda gedib işləyir ki, övladına hər ay alimenti ödəyə bilsin. Onun başqa heç bir əlavə gəliri yoxdur. İddiaçı uşağın xəstəliyi ilə bağlı həm müavinət və baxım pulu alır. Buna baxmayaraq qanunvericiliyə uyğun olaraq övladına 140 manat aliment və 30 manat əlavə xərcin ödənilməsinə, yəni cəmi 170 manat ödəməyə razıdır. Buna görə də yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı tərəfindən “Alimentin artırılması” tələbinə dair iddiasında göstərilmiş 250 manat pulun ödənilməsinə dair verdiyi iddiaya etiraz edir. Bir daha bildirir ki, hal-hazırda ciddi xəstəliyi ilə bağlı müalicə və müayinə olunur. Qanuna uyğun olaraq alimentin artırılması ilə bağlı iddiaçıya hər ay 140 (yüz qırx) manat aliment və 30 manat əlavə xərcin ödənilməsinə, cəmi 170 (yüz yetmiş) manat ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğuin izahat verərək, iddia tələbində qeyd etdiklərini müdafiə etdiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2011-ci il tarixli, AZ-İİ seriyalı, № 704284 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 iyul 2011-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(014)-1247/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 13 mart 2006-cı il tarixli anadan olmuş X5 və 04 iyul 2011-ci il tarixdə anadan olmuş X6 18 yaşa çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyinə hər ay hər uşaq üçün 110 manat aliment, 20 manat əlavə xərc, cəmi 260 manat alimentin tutulması qət edilmişdir. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 may 2024-cü il tarixli, MŞM/MT00302/2024-00 seriyalı arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh iştrak etməmişdir. İMS xərci İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən ilə 13 mart 2006-cı il tarixdə anadan olmuş X5 və 04 iyul 2011-ci il tarixdə anadan olmuş X6 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(014)-1247/2019 saylı qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 13 mart 2006-cı il tarixli anadan olmuş X5 və 04 iyul 2011-ci il tarixdə anadan olmuş X6 18 yaşa çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyinə hər ay hər uşaq üçün 110 manat aliment, 20 manat əlavə xərc, cəmi 260 manat alimentin tutulması qət edilmişdir. 13 mart 2006-cı il tarixli anadan olmuş X3 18 yaşı tamam olmuşdur. Hazırda iddiaçı övladı 04 iyul 2011-ci il tarixdə anadan olmuş X6 barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının və əlavə xərcin artırılaraq cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin və 50 manat xərcin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən hər 110 manat aliment və 20 manat əlavə xərcin hazırkı dövrdə kifayət etmədiyini, əvvəllər xeyrinə aliment tutulan uşaqlardan birinin artıq yetkinlik yaşına çatmasını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 170 manat sabit pul məbləğində və 40 manat əlavə xərc müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, uşağın saxlanması üçün cavabdehdən hər ay tutulan 110 manat aliment və 20 manat əlavə xərcin hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(014)- 1247/2019 saylı qətnaməsi ilə 04 iyul 2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan alimentin miqdarı artırılaraq 170 (yüz yetmiş) manat və əlavə xərc artırılaraq 40 (qırx) manat məbləğində müəyyən edilərək Cavabdeh tutulub İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin və əlavə xərcin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(014)-1247/2019 saylı qətnaməsi ilə 04 iyul 2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan alimentin miqdarı artırılaraq 170 (yüz yetmiş) manat və əlavə xərc artırılaraq 40 (qırx) manat məbləğində müəyyən edilərək Cavabdeh tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin və əlavə xərcin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-981/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-981/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver