Məhkəmə qərarları › İş №e-2(015)-1126/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1126/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1126/2025 21.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 1858,34 manat, faiz məbləği üzrə 99,52 manat, cərimə məbləği üzrə, 122,47 manat, cəmi borcu 2080,33 manat məbləğində kredit borcu, həmçinin 40.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1 Azərbaycan» QSC tələbini onunla əsaslandırmışdır ki, «X1 Azərbaycan» QSC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 284301 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 7000 manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 15% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu əsas məbləğ üzrə 1858,34 manat, faiz məbləği üzrə 99,52 manat, cərimə məbləği üzrə 122,47 manat, cəmi borc 2080,33 manat məbləğində təşkil edir. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. İddiaçı «X1 Azərbaycan» QSC ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxaraq, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, lakin ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. «X1 Azərbaycan» QSC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 284301 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 7000 manat məbləğində kredit verilmişdir.

8. Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə «X1 Azərbaycan» QSC-yə 1858,34 manat, faiz məbləği üzrə 99,52 manat, cərimə məbləği üzrə, 122,47 manat, cəmi borcu 2080,33 manat məbləğində borcu yaranmışdır.

9. 03.06.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, «X1 Azərbaycan» QSC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 40.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. «X1 Azərbaycan» QSC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 284301 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 7000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 1858,34 manat, faiz məbləği üzrə 99,52 manat, 122,47 manat cərimə, cəmi 2080,33 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mbahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə kreditor tərəfindən danışıqlar aparılsa da, bu danışıqlar (pretenziya qaydasında həll olunma) fayda vermədiyi üçün kreditor «X1 Azərbaycan» QSC məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi cərimə borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

19. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

20. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi dəbbə pulu yüksək surətdə hesablandığından həmin məbləğ azaldılaraq 1858,34 (min səkkiz yüz əlli səkkiz manat 34 qəpik) manat əsas, 99,52 (doxsan doqquz qəpik 52 qəpik) manat faiz, 03 (üç) manat cərimə, cəmi 1960,86 (min doqquz yüz altmış manat səksən altı qəpik) manat məbləğində müəyyən edilməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 40,80 manat dövlət rüsumu ödənilmişdir.

24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış 1858,34 (min səkkiz yüz əlli səkkiz manat 34 qəpik) manat əsas, 99,52 (doxsan doqquz qəpik 52 qəpik) manat faiz, 03 (üç) manat cərimə, cəmi 2080,33 (iki min səksən manat 33 qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 40.80 (qırx manat 80 qəpik) manat miqdarında dövlət rüsumu «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

Nəticə hissəsi:

29. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1858,34 (min səkkiz yüz əlli səkkiz manat otuz dörd qəpik) manat əsas, 99,52 (doxsan doqquz manat əlli iki qəpik) manat faiz, 03 (üç) manat cərimə, cəmi 1960,86 (min doqquz yüz altmış manat səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş 40.80 (qırx manat səksən qəpik) manat məbləğində dövlət rüsumu «X1 Azərbaycan» QSCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar