Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-234/2024 26.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanən katibliyi ilə, İddiaçı ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zaminlərdən tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : ASC «Xalq» Bankı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli DKM/015N05A00534121№-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 2289,93 (iki min iki yüz səksən doqquz manat 93 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 322,70 (üç yüz iyirmi iki manat 70 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) faiz dərəcəsi ilə hesablanmış 137,33 (bir yüz otuz yeddi manat 33 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 243,98 (iki yüz qırx üç manat 98 qəpik) manat məbləğində penya, cəmi 2993,94 (iki min doqquz yüz doxsan üç manat 94 qəpik) manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya və 49,94 manat dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsində ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zaminlərdən tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onların iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, ASC «Xalq» Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/015N05A00534121 saylı kredit müqaviləsinə əsasən cavabdeh ASC «Xalq» Bankından 24 ay müddətinə illik 17 faizlə 5000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borclu ödəməli olduğu pulu könüllü ödəmir. Borcluya yazılı və çox saylı şifahi müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmiş və ASC «Xalq» Bankı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 12 dekabr 2023-cü ilədək cavabdehlərin 2289,93 manat vaxtı keçmiş borc, 322,70 manat hesablanmış adi faiz borcu, 243,98 manat cərimə faizləri üzrə borc və 137,33 manat kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2023) illik 17 % dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 137,33 manat olmaqla, cəmi 2993,94 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlər üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyırlar, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 12 dekabr 2023-cü ilədək cavabdehlərin 2289,93 manat vaxtı keçmiş borc, 322,70 manat hesablanmış adi faiz borcu, 243,98 manat cərimə faizləri üzrə borc və kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2023) illik 17 % dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 137,33 manat olmaqla, cəmi 2993,94 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanılmışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə borclunun müqaviləyə əsasən və müqavilə müddəti bitdikdən sonra aylar üzrə hansı miqdarda borc ödəniləcəyi barədə hər iki tərəfin imzaladığı kredit müqaviləsinin ayrılmaz hissəsi olan cədvəli məhkəməyə təqdim olunmamışdır. Cavabdehlərdən hansı əsaslara görə kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək 243,98 manat cərimə faizlərinin və faizlər şəklində hesablanmış əldən çıxmış fayda 137,33 manat faiz borcunun tələb edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, həmin məbləğin sistem məlumatlarına əsasən tələb edilməsinə dair məlumat təqdim edilmişdir. Həmin sistem məlumatları isə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən üstün ola bilməz. Belə ki, sistem məlumatları üzrə tərəflər arasında hər hansı bir öhdəliyin yaranması barədə razılaşma mövcud deyildir. Bu səbəbdən cavabdehdən yalnız xx.xx.2023-cü il tarixədək olan faiz məbləği tutulmalıdır. Belə ki, məhkəmə hesab edir ki, cavabdehlərdən müqavilə bitdikdən sonra faiz, cərimə borcunun, eyni zamanda iddia ərizəsi məhkəməyə verildiyi tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya tutula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsində tərəflərdən birinin digəri qarşısında mövcud olan müqavilə öhdəliklərinin tam icra edildiyi anadak qüvvədə olması əsası ilə iddiaçı cavabdehlərdən müqavilə müddəti bitdikdən sonra faiz, cərimə borcunun, eyni zamanda iddia ərizəsi məhkəməyə verildiyi tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17 % (on yeddi faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penyanın tutulmasını tələb etmişdir. Lakin, həmin müqavilədə müqavilə müddəti bitdikdən sonra həmin məbləğlərin cavabdehlərdən tutulması göstərilməmişdir. Eyni zamanda müqavilə müddəti üzrə yaranmış borcun cavabdehlərdən məhkəmə qaydasında tutulacağı isə müqavilə öhdəliklərinin tam icra edilməsi deməkdir və məhkəmə qətnaməsinə əsasən həmin borcun cavabdehlərdən tutulması da məhz tərəflər arasında olan müqavilə öhdəlikləri üzrə həyata keçirilir. Bu səbəbdən iddia həmin hissədə təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən 2289,93 manat əsas və 322,70 manat faiz borcu olmaqla, cəmi 2612,63 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz riski ilə kredit və zaminlik müqavilələri bağladıqlarından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ASC «Xalq» Bankı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 49,94 manat dövlət rüsumu ödənilmişdir. Hazırki mülki iş üzrə isə iddianın qiyməti 2612,63 manat olduğundan, həmin tələb üzrə isə 46,13 manat dövlət rüsumunun ödənilməsi tələb olduğundan, cavabdehlərdən müştərək qaydada 46,13 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2289,93 manat əsas və 322,70 manat faiz borcu olmaqla, cəmi 2612,63 manat borc və 46,13 manat dövlət rüsumu ASC «Xalq» Bankının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-234/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-234/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver