Məhkəmə qərarları › İş №e-2(015)-24/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-24/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-24/2024 28.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh 5390,50 manat əsas, 602,69 manat faiz olmaqla, cəmi 5993,19 manat borcun və 79,93 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borclu İdyal Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 50 ay müddətinə, illik 20 % olmaqla 6755,53 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixədək 5390,50 manat əsas, 602,69 manat faiz olmaqla, cəmi 5993,19 manat borcu yaranmışdır. Borcluya borcun ödənilməsi barədə dəfələrlə məlumat verilsə də borcu ödəməkdən yayınmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərdi ki, o, 2018-ci ildə bankdan 5500 manat kredit götürmüşdür. Həmin kredit ödənişinə görə pullar onun ailə başçısını itirməyə görə onlara təyin olunmuş kart hesabından aylıq ödənişlər çıxılmışdır. Bankdan götürdüyü kredit olduğu kimi qalmışdır, belə ki 5-6 ildir ki o, kreditdən ödənişlər etmiş, lakin onun əsas borcundan silinmə olmamışdır. Uşağının 18 yaşı tamam olduqdan sonra pensiya dayandırılmışdır. Ona zəng edərək krediti ödəmədiyini bildirmişlər. O da həmin ödənişin onun kart hesabından çıxıldığını bildirmişdir. Tovuz rayon sakini Hikmət adlı şəxs ona “Kapital Banka” gedib ona zəng etməsini bildirmişdir. Həmin şəxslə telefon əlaqəsi zamanı ondan 200 manat ödənişə razı olmasını soruşmuş və ona bankda imza çəkdirmişlər. O, kassadan pul götürməmişdir. Ondan sonuncu dəfə yanvar ayında pul çıxılmışdır. Hal-hazırda işləmir. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyib göstərdi ki, cavabdeh ilkin olaraq bankdan xx.xx.2018-ci il tarixdə 5500 manat pul götürmüşdür. Daha sonra isə 2019-cu il 30 may tarixində iddiaçı tərəf cavabdehin etibarından sui istifadə edərək 6500 manat kredit götüzdürüb və həmin pulun 4600 manatını yenidən hesaba köçürtmüşlər. Daha sonra isə xx.xx.2020-ci il tarixdə bank yenidən 7362 manat kredit çəkilməsinə və həmin puldan 7289 manat pulun həmin banka ödənilməsinə nail olmuşdur. Bundan sonra bank xx.xx.2021-ci il tarixdə 6755 manat pulun çəkilməsini və həmin gün də 6688,64 manat pulun yenidən banka ödənilməsinə nail olmuşdur. Həmin pullar cavabdehə çatmamış, bankın öz hesabına köçürülmüşdür. Sonradan isə uşaqlarının atasının vəfat etməsinə görə azyaşlı uşaqlarının dövlət tərəfindən Belə ki, cavabdehin uşaqlarının atasının vəfat etməsinə görə pensiya illərlə kredit borcuna çıxılmışdır. Lakin onun ödədiyi pulların çoxu cərimə və faiz borcuna çıxılmışdır. Belə ki, cavabdehin X6 rayonunu filialının işçisi kimi tanıdığı Hikmət adlı şəxs onun yaşadığı evə bir neçə dəfə gələrək hədə qorxu ilə, şəxsi adlatmaqla yenidən müqavilə bağlatmaqla, restruktruzasiya müqaviləsi bağlamaqla onunla yenidən müqavilə bağlanılmasına nail olmuşdur. Həmin şəxsin barəsində Ağstafa rayon prokurorluğuna şikayət etmişlər. Cavabdeh borcunu tam olaraq ödəmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehi, onun nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə borclu X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 50 ay müddətinə, illik 20 % olmaqla 6755,53 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixədək 5390,50 manat əsas, 602,69 manat faiz olmaqla, cəmi 5993,19 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixədək 5390,50 manat əsas, 602,69 manat faiz olmaqla, cəmi 5993,19 manat borcu yaranmışdır. İş üzrə Cavabdeh onunla İddiaçı ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kassa məxaric orderindəki imzanın ona aid olmamasını bildirmişdir. Məhkəmə mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün 16 avqust 2023-cü il tarixli, e-2(015)-882/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə xətşunaslıq ekspertizası təyin etmiş və mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş üzrə verilmiş ekpert rəyinə əsasən Ekspertizaya təqdim edilmiş, e-2(015)-882/2023 saylı mülki işdə olan xx.xx.2021-ci il tarixli Kassa məxaric orderinin aşağı hissəsində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı “imza:” yazısının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdeh məxaric orderindəki imzanın onun tərəfindən icra olunmadığını göstərsə də iş üzrə verilmiş ekspert rəyində həmin imzanın cavabdeh tərəfindən icra olunduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 79,93 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 yazılı vəsatətində göstərdikləri xüsusatlar ekspert rəyi ilə təsdiq edilmədiyindən, iş üzrə keçirilmiş ekspertiza xərci olan 110 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 50 ay müddətinə, illik 20 % olmaqla 6755,53 manat məbləğində kredit verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməsi və banka olan borcunu tam qaytarmaması, xx.xx.2023-cü il tarixədək 5390,50 manat əsas, 602,69 manat faiz olmaqla, cəmi 5993,19 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 5390,50 manat əsas, 602,69 manat faiz olmaqla, cəmi 5993,19 manat borc və 79,73 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5390,50 manat əsas, 602,69 manat faiz olmaqla, cəmi 5993,19 manat borc və 79,93 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТRЕ******************** saylı hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar