Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-301/2025 06.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kreditin, kredit faizinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7779.01 manat məbləğində kredit borcu, 862.09 manat məbləğində faiz borcu və 154.64 manat məbləğində cərimə olmaqla, cəmi 8795,74 (səkkiz min yeddi yüz doxsan beş manat, yetmiş dörd qəpik) məbləğində borcun və ödənilmiş 107.95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022ci il tarixdə bağladığı 016A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5220.99 manat ödəniş etmiş və onun iddiaçıya 7779.01 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 142 gün üçün hesablanmış faiz borcu 862.09 manat təşkil edir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı QSC ərizə göndərərək iddia ərizəsinə onun iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək , İddiaçı QSC-dən kredit götürdüklərini etiraf edərək əvvəlki kimi maaş almadıqlarını öna görədə ödəyə bilmədiklərini bildirmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağladığı 016A********** saylı ərizəsinə əsasən 2.1667% olmaqla 36 ay müddətinə hissəhissə qaytarmaq şərti ilə 13000 manat məbləğində kredit verilmişdir.
8. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 7779.01 manat məbləğində kredit borcu, 862.09 manat məbləğində faiz borcu və 154.64 manat məbləğində cərimə olmaqla, cəmi 8795,74 manat borcu yaranmışdır.
10. 14.11.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırılması üçün 107,95 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağladığı 016A********** saylı ərizəsinə əsasən 2.1667% olmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 13000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun İddiaçı QSC-yə 7779.01 manat məbləğində kredit borcu, 862.09 manat məbləğində faiz borcu və 154.64 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8795,74 manat borcu yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
C) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
19. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilatla cavabdehlər arasında olan 2.1667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Kredit müqaviləsi üzrə «İddiaçı QSC 7779.01 manat məbləğində kredit borcu, 862.09 manat məbləğində faiz borcu və 154.64 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8795 manat borcu yaranmışdır.
21. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7779.01 manat məbləğində kredit borcu, 862.09 manat məbləğində faiz borcu və 154.64 manat məbləğində cərimə olmaqla, cəmi 8795,74 manat iddiaçı « İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
22. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi 154,64 manat cərimə borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
25. Məhkəmə iş materiallarını və qeyd edilən hüquq normalarını nəzərdən keçirib hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi əsas borcu 7779.01 manat məbləğində kredit borcu, 862.09 manat məbləğində faiz borcu təşkil etdiyindən, dəbbə pulu isə tənasübsüz surətdə yüksək məbləğdə tələb edildiyindən, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 manat cərimə borcu tutularaq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq götürdüyü kreditin ödənişini tam icra etmədiyindən, bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə müraciət etdiyindən cavabdehlərdən müştərək qaydada 107,95 (yüz yeddi manat doxsan beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
31. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7779.01 (yeddi min yeddi yüz yetmiş doqquz manat bir qəpik) manat məbləğində kredit borcu, 862.09 (səkkiz yüz altmış iki manat doqquz qəpik) manat məbləğində faiz borcu, 15 (on beş) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8656,10 (səkkiz min altı yüz əlli altı manat on qəpik) manat borc və 107,95 (yüz yeddi manat doxsan beş qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova