Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-318/2025 30.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat ödənilməmiş icarə haqqı borcunun, 451 manat istifadə etdiyi işıq pulu borcunun, 50 manat telefon xidməti borcunun, eyni ünvanda fəaliyyət göstərən moykaya görə verdiyi 28 manat və təndir tikilisinə görə 35 manat pulun, obyektdən götürdüyü 3 ədəd soyuducu unun və ya dəyərini təşkil edən 1500 manat pul, obyektin giriş qapısının təmirinə çəkilmiş 235 manat pulun, 700 manat mənəvi zərərin əvəzinin və 70 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən “Azimut” kafesi ona məxsus olmaqla qızı X3 xüsusi mülkiyyətindədir. Həmin kafeni 2021-ci ilin avqust ayında Cavabdeh adlı şəxsə icarəyə vermişdir. Qarşılıqlı razılaşma əsasında il ayı 1000 manat, sonrakı ay 1500 manat, avqust ayı üçün isə 2500 manat məbləğində icarə haqqının ona ödənilməsi barədə razılığa gəlmişlər və bu barədə kağıza yazıb imza etmişlər. Cavabdeh bildirmişdir ki, vergi sənədlərini hazır edəcəkdir. Həmin kafeni cavabdehin icarəsinə vermişdir. 2021-ci ilin noyabr ayınadək müqavilə imzalamaqdan və ödəniş etməkdən imtina etmişdir.
Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı məhkəməyə ərizə göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirərək, iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (atası) X2 iddia müddətinin tətbiqi ilə bağlı bildirdi ki, o, həqiqətən iddiaçını tanıyır. Lakin cavabdehin onun tələb etdiyi qədər borcu yoxdur. Onun iddiaçıya 1500 manat borcu var. Cavabdeh ödəməyi öhdəsinə götürsə də, pandemiya dövrünə düşdüyü üçün ödəyə bilməmişdir. 1500 manat borcu ödəməyə etiraz etmədiklərini, iddianı qalan hissədə qəbul etmədiklərini bildirdi.
6. Məhkəmə işdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
7. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı şikayəti üzrə Bakı şəhəri Nizami RPİ-də araşdırılma aparılmış, həmin araşdırma zamanı Cavabdeh izahatında iddiaçıya 1500 manat borcunun olmasını və həmin borcu qaytaracağını bildirmiş, həmin material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilmişdir.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 70 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Cavabdeh “Azimut” adlı kafeyi icarəyə vermişdir. İcarə haqqını iddiaçıya ödəməli olduğu halda qaytarmamış və öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də, iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı Cavabdeh 2000 manat ödənilməmiş icarə haqqı borcunun, 451 manat istifadə etdiyi işıq pulu borcunun, 50 manat telefon xidməti borcunun, eyni ünvanda fəaliyyət göstərən moykaya görə verdiyi 28 manat və təndir tikilisinə görə 35 manat pulun, obyektdən götürdüyü 3 ədəd soyuducu unun və ya dəyərini təşkil edən 1500 manat pul, obyektin giriş qapısının təmirinə çəkilmiş 235 manat pulun, 700 manat mənəvi zərərin əvəzinin verməsini qeyd etsə də, həmin məbləğlərin ödənilməsi barədə təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə yalnız iş materiallarında olan cavabdehin, eyni zamanda cavabdehin nümayəndəsinin 1500 manat borc pulu olması barədə etirafedici izahatını sübut kimi qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış şifahi icarə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
12. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir.
13. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
17. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında icarə münasibətləri yaranmış, iş üzrə İddiaçı Cavabdeh 2021-ci ilin avqust ayında aylıq icarə haqqını ödəməklə icarəyə kafe vermişdir. 2000 manat ödənilməmiş icarə haqqı borcunun, 451 manat istifadə etdiyi işıq pulu borcunun, 50 manat telefon xidməti borcunun, eyni ünvanda fəaliyyət göstərən moykaya görə verdiyi 28 manat və təndir tikilisinə görə 35 manat pulun, obyektdən götürdüyü 3 ədəd soyuducu unun və ya dəyərini təşkil edən 1500 manat pul, obyektin giriş qapısının təmirinə çəkilmiş 235 manat pulun, 700 manat mənəvi zərərin əvəzi miqdarında cavabdehin borcu olduğunu qeyd etsə də, təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Cavabdeh iddiaçıya 1500 manat borc pul verməli olması barədə etirafedici izahatını sübut kimi qəbul edir.
18. İş üzrə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur.
21. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
22. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
23. Göründüyü kimi, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
24. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı şikayəti üzrə Bakı şəhəri Nizami RPİ-də araşdırılma aparılmış, həmin qərarda xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi, lakin həmin qərarın xx.xx.2022-ci il tarixli qərarla rayon prokurorluğu tərəfindən ləğv edilərək əlavə araşdırılması üçün materialın geri qaytarılması qeyd olunmuşdur.
25. Göründüyü kimi, qanunvericiliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında münasibət 2021-ci ilin avqust ayında yaranmış, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozdğundan iş üzrə iddiaçı da öz hüququnun pozulduğunu bilərək 2022-ci il tarixdə şikayəti üzrə Bakı şəhəri Nizami RPİ-də müraciət etmişdir. İş üzrə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin oluna bilməz.
26. Beləliklə, sadalanan maddi hüquq normalarını tətbiq edərək və işin məhkəmə tərəfindən müəyyən edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 1500 manat borc qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən Cavabdeh 1500 manat pul alınaraq İddiaçı verilməlidir.
27. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən, yəni 1500 manat borca aid hissədə təmin edildiyindən həmin məbləğə hesablanmış 35 manat dövlət rüsumu və Cavabdeh 1500 manat pul alınaraq İddiaçı verilməlidir.
30. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
34. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində borc pul və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova