Məhkəmə qərarları › İş №e-2(015)-558/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-558/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-558/2025 21.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı «Aqrarkredit” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 9180,19 manat borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı «Aqrarkredit” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı Restrukturizasiya müqaviləsi üzrə əsas borc 9109,26 manat əsas borc, 70,93 manat olmaqla, cəmi borc 9180,19 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ümumi 0,19 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı 186,2 kv /m yaşayış, 142,6 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiymətinin tərəflərin qarşılıqlı razılığı ilə 24000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan 9109,26 manat əsas borc, 70,93 manat faiz borcu olmaqla, cəmi borc 9180,19 manat kredit borcunun və ödənilmiş 111.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh1 arasında 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 11985 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ümumi 0,19 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı 186,2 kv /m yaşayış, 142,6 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh2 arasında 24 sentyabr 2020-ci il tarixli 83 ƏF/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 24000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da, Cavabdeh1 restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 9109,26 manat, faiz borcu 70,93 manat olmaqla, cəmi borc 9180,19 manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh tərəflə razılığa gəlməyə çalışılsa da nəticə əldə olunmamışdır. Odur ki, iddia tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul edir. Lakin maddi imkanı çatmadığı üçün borcundan hər ay 200 manat məbləğində ödəniş edəcəkdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə proses iştirakçısını izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: b)Mülki işin materialları:

4. 11 sentyabr 2020-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Ol8mayan Kredit X1 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh1 arasında 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır.

5. 24 sentyabr 2020-ci il tarixli 83 ƏF/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ümumi 0,19 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı 186,2 kv /m yaşayış, 142,6 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuşdur.

6. İş materiallarında olan məlumat cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 9109,26 manat, faiz borcu 70,93 manat olmaqla, cəmi borc 9180,19 manat borcu vardır.

7. İş materiallarında olan ƏMDX DƏDK və RPHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur.

8. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli rəydən görünür ki, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.19 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 341.30 kv.m olan, 8 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar və likvid dəyərlərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Təqdim edilmiş ƏMDX DƏDK və RPHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. Cavabdeh2 məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.19 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 341.30 kv.m olan, 8 otaqlı, 2 mərtəbəl fərdi yaşayış evinin bazar dəyər 80000 və likvid dəyəri 68.000 kimi qiymətləndirilmişdir.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar

9. İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh1 arasında 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsi üzrə ödəniş şərtləri müəyyən edilmiş, girov kimi ipoteka təqdim olunmuşdur. Müqavilə üzrə ödənişlərin vaxtında edilməməsinə görə 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” üzrə iddiaçı təşkilat məhkəməyə müraciət etmişdir. İddiaçı QSC cavabdehdən əsas borc, faizlərin tutulmasını, eləcə də ipoteka predmentinin satışını tələb etmişdir. 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh2 məxsus olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.19 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 341.30 kv.m olan, 8 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin bazar və likvid dəyərinin qiymətləndirilməsi üçün mülki iş "xxxx" MMC-yə göndərilmiş və tərəfindən 27 oktyabr 2025-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Mənzilin bazar dəyər 80000 və likvid dəyəri 68.000 manat hesablanmışdır. xx.xx.2025-ci il tarixə cavabdehin İddiaçı QSC qarşısında 9200 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 9109,26 manat, faiz borcu 70,93 manat olmaqla, cəmi borc 9180,19 manat borcu vardır.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və ipoteka müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X1 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh1 arasında 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 11985 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüş, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə İddiaçı QSC qarşısında yaranmış 9109,26 manat, faiz borcu 70,93 manat olmaqla, cəmi borc 9180,19 manat borc və 111,80 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.

19. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, borclu öz öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, ipoteka saxlayanın tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

21. MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

22. MM-nin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

23. MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

24. MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

25. “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33 və 36.1-ci maddələrinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

26. Həmin Qanunun 33-cu maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələblərinin yönəldilməsi üçün tutma ipoteka predmetinə yönəldilə bilər.

27. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

28. Məhkəmə hesab edir ki, borclu öz öhdəliyini icra etmədiyindən, Cavabdeh2 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə tutma Cavabdeh2 məxsus ipoteka predmeti olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.19 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 341.30 kv.m olan, 8 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməlidir. Belə ki, Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ümumi 0,19 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı 186,2 kv /m yaşayış, 142,6 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh2 arasında 24 sentyabr 2020-ci il tarixli 83 ƏF/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Ona görə də, tutma Cavabdeh2 məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.19 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 341.30 kv.m olan, 8 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilərək, həmin əmlak ixtisaslaşdırılmış hərraclar tərəfindən açıq hərracda satılmalıdır.

29. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

30. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının 01 nömrəli, 20 iyul 2020-ci il tarixli Qərardadının 21-ci bəndində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir.

32. Həmin Qərara əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

33. Qeyd olunanlarla əlaqədar məhkəmə bildirir ki, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində 24000 manat məbləğ müəyyən edilsə də, məhkəmə iclasında Cavabdeh1 həmin məbləği mübahisələndirərək, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin real dəyərindən xeyli aşağı qiymətləndirildiyini bildirmiş və müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin olunaraq keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat və likvid dəyəri 68.000 manat məbləğdə müəyyən edilmişdir.

34. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti, onun likvid qiyməti olan 68000 manat məbləğində müəyyən edilməlidir.

35. İddiaçı QSC BOKT tərəfindən ödənilmiş ekspertiza xərcinin dəyəri olan 354 manat məbləğində rüsum Cavabdeh1 tutularaq "xxxx" MMC-nin (VÖEN **********) X2 filialı, Kod 512446, M/H AZ24NABZ********************, SWİFT. HAJCAZ22, VÖEN **********, H/H AZ50HAJCHCRAZN**********5001 saylı hesabına ödənilməlidir.

36. Məhkəmə iş materiallarını və qeyd edilən hüquq normalarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 tutulacaq məbləğ 9109,26 manat, faiz borcu 70,93 manat olmaqla, cəmi borc 9180,19 manat borc və 111.80 manat dövlət rüsumundan ibarət olduğundan, ipoteka ilə yüklü edilmiş torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 68000 manat məbləğində müəyyən edildiyindən, cavabdehin iddiaçı təşkilat qarşısında olan pul öhdəliyi isə həmin məbləğdən az olduğundan, borcun ödənilməsindən qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.

37. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Nəticə hissəsi:

40. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 11 sentyabr 2020-ci il tarixli 83 ƏF saylı Restrukturizasiya müqaviləsi üzrə 9109,26 (doqquz min yüz doqquz manat iyirmi altı qəpik) manat əsas borc, 70,93 (yetmiş manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, cəmi 9180,19 (doqquz min yüz səksən manat on doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 111,80 (yüz on bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumu «Aqrarkredit” QSC-nin xeyrinə tutulsun. Tutma ƏMDX DƏDK və RPHŞ 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi 0,19 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı 142,6 kv/m sahəli, 186,2 kv/m yaşayış mənzilinə yönəldilərək, həmin əmlak ixtisaslaşdırılmış hərraclar tərəfindən açıq hərracda satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilsin. Satışdan əldə edilmiş vəsaitdən 9109,26 (doqquz min yüz doqquz manat iyirmi altı qəpik) manat əsas borc, 70,93 (yetmiş manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, cəmi 9180,19 (doqquz min yüz səksən manat on doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 111,80 (yüz on bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumu «Aqrarkredit” QSC-nin xeyrinə tutulsun. Borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti mülkiyyətçi Cavabdeh2 qaytarılsın. Cavabdeh1 ekspertiza xərcinin dəyəri olan 354 (üç yüz əlli dörd) manat məbləğində rüsum "xxxx" MMC-nin (VÖEN **********) X2 filialı, Kod 512446, M/H AZ24NABZ********************, SWİFT. HAJCAZ22, VÖEN **********, H/H AZ50HAJCHCRAZN**********5001 saylı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar