Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-559/2025 15.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 (Haqverdiyeva) və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1031 saylı kredit müqaviləsi üzrə 1921 manat əsas borc, 1376,53 manat faiz borcu, cəmi borcu 3297,53 (üç min iki yüz doxsan yeddi manat 53 qəpik) manat borcun və ödənilmiş 52,97 manat dövlət rüsumunun onun hüquqi varisi olan Cavabdeh3 və Rəhimova (Haqverdiyeva) Şahzeynəb Vidadi qızından, habelə zamin Cavabdeh1 oğlundan tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı X2 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-GAZ-212 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1031 nömrəli kredit müqaviləsinə əsasən X3 istehlak məqsədi üçün 24 ay müddətinə illik 2 faizlə 2000 (iki min) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən 06 avqust 2013-cü il tarixli zəmanət məktubu verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh X4 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ağstafa rayon İcra Hakimiyyəti Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 fevral 2025-ci il tarixli 120/g saylı arayışına əsasən X4 vəfat etdikdən sonra onun varisləri Cavabdeh3 və Rəhimova (Haqverdiyeva) Şahzeynəb Vidadi qızı olmuşdur. X4 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1031 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 1921 manat, faiz borcu 1376,53 manat, cəmi borcu 3297,53 (üç min iki yüz doxsan yeddi manat 53 qəpik) manat təşkil edir. Borclulara yazılı və çox saylı şifahi müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmişlər və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyib, iddia müddətinin tətbiq olunmasını barədə ərizə verib bildirdi ki, mərhum Nanə Haqverdiyeva onun anasıdır. Anası 2018-ci il tarixdə vəfat etmişdir. O və bacısı anasından vərəsəliyi qəbul etməmiş, bu barədə notariusa ərizə verməmişlər. Anası bankdan krediti 2013-cü ildə götürmüşdür. Hesab edir ki, həmin müqavilə üzrə iddia müddəti ötmüşdür. Ona görə də ərizəsini nəzərə alıb, iddia müddətini tətbiq edib iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı yeri haqqında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsinə, digər cavabdehlər Cavabdeh2 (Haqverdiyeva) və Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, iş üzrə cavabdehlər Cavabdeh2 (Haqverdiyeva) və Cavabdeh1 məhkəməyə ərizə göndərib, iddia müddəti ötdüyündən iddia müddətini tətbiq edib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, cavabdehlərin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1031 nömrəli kredit müqaviləsinə əsasən X3 istehlak məqsədi üçün 24 ay müddətinə illik 24 faizlə 2000 (iki min) manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən 06 avqust 2013-cü il tarixli zəmanət məktubu verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı X2 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-GAZ-212 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ağstafa rayon İcra Hakimiyyəti Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 fevral 2025-ci il tarixli 120/g saylı arayışına əsasən X4 vəfat etdikdən sonra onun varisləri Cavabdeh3 və Rəhimova (Haqverdiyeva) Şahzeynəb Vidadi qzı olmuşdur. Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır Göründüyü kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2013cü il tarixli 1031 nömrəli kredit müqaviləsinin müddəti həmin müqaviləyə əlavə də nəzərə alınmaqla müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti xx.xx.2015-ci il tarixdə başa çatmışdır. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işinin açılması və iş üzrə cavabdehlər olan övladları Cavabdeh3 və Cavabdeh2 (Haqverdiyeva) analarından vərəsəliyi qəbul etməsi, onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən, yəni 06 il 06 ay 18 gün sonra daxil olmuşdur. İddia müddətinin axımı isə xx.xx.2015-ci il tarixdən başlamaqla xx.xx.2018-ci il tarixədək təşkil edir və həmin müddət ərzində iddiaçı cavabdehlərə qarşı hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçının iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 (Haqverdiyeva) və Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizələri nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1031 nömrəli kredit müqaviləsinin müddəti həmin müqaviləyə əlavə də nəzərə alınmaqla müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti xx.xx.2015-ci il tarixdə başa çatdığından, X1 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən, onun adına vərəsəlik işinin açılması və iş üzrə cavabdehlər olan övladları Cavabdeh3 və Cavabdeh2 (Haqverdiyeva) analarından vərəsəliyi qəbul etməsi, onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, həmçinin hazırki iddia ərizəsinin məhkəməyə xx.xx.2025ci il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən, yəni 06 il 06 ay 18 gün sonra daxil olduğundan, cavabdehlər Cavabdeh3, Cavabdeh2 (Haqverdiyeva) və Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edildiyindən, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 (Haqverdiyeva) və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş 52,97 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 (Haqverdiyeva) və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 52,97 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-559/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-559/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver