Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-601/2025 14.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 299653-1-37281 nömrəli “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 3047.16 manat məbləğində əsas borc, 220.94 manat məbləğində faiz borcu, 185.20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3453.30 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54.53 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 299653-1-37281 saylı “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 27.5 faiz hesablanması şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 3453.30 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Lakin kredit alan öhdəliyini lazımı qaydada icra etməmişdir. Ona görə də, iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
a) İşə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin mövqeyi:
3. Ağstafa Rayon Məhkəməsində İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.
4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
6. Bu səbəbdən məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 299653-1- 37281 saylı “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış vəillik 27.5 faiz hesablanması şərti ilə 48 ay üddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır.
8. Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 3047.16 manat məbləğində əsas borc, 220.94 manat məbləğində faiz borcu, 185.20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3453.30 manat məbləğində borcu yaranmışdır.
9. 18.02.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 54,53 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 299653-1-37281 saylı “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 27.5 faiz hesablanması şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 25 dekabr 2024-cü il tarixə BANK VTB (Azərbaycan)» ASC-yə 3047.16 manat məbləğində əsas borc, 220.94 manat məbləğində faiz borcu, 185.20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3453.30 manat borcunun olması müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
11. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 42,77 manat dövlət rüsumu ödənilmişdir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi 185,20 manat məbləğində cərimə borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
23. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
24. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
25. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 185,20 manat məbləğində dəbbə pulu yüksək surətdə hesablandığından həmin məbləğ azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir.
27. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 299653-1- 37281 saylı “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış vəillik 27.5 faiz hesablanması şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmış, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 3047.16 manat məbləğində əsas borc, 220.94 manat məbləğində faiz borcu, 185.20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3453.30 manat borcunun qalması öz təsdiqini tapmışdır. Lakin iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi dəbbə pulu yüksək hesablandığı üçün iddia qismən təmin edilməli, cavabdehdən 3.047,16 (üç min qırx yeddi manat on altı qəpik) manat məbləğində əsas borc, 220,94 (iki yüz iyirmi manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, 5 (beş) manat cərimə borcu, cəmi 3.273,10 (üç min iki yüz yetmiş üç manat on qəpik) manat və 54,53 (əlli dörd manat əlli üç qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
Nəticə hissəsi:
28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 299653-1-37281 saylı borc restrukturizasiyasına dair müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə banka borclu olduğu 3.047,16 (üç min qırx yeddi manat on altı qəpik) manat məbləğində əsas borc, 220,94 (iki yüz iyirmi manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, 5 (beş) manat cərimə borcu, cəmi 3.273,10 (üç min iki yüz yetmiş üç manat on qəpik) manat və 54,53 (əlli dörd manat əlli üç qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova