Məhkəmə qərarları › İş №e-2(015)-671/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-671/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-671/2024 01.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı BOKT «X2» MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : BOKT «X2» MMC məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0046163-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5713,72 manat əsas, 2342,63 manat faiz, 66,64 manat cərimə və 488,99 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8611,98 manat borcun və 107 manat dövlət rüsumunun alınaraq BOKT «X2» MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT «X2» MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0046163-F saylı kredit müqaviləsinə əsasən cavabdehə “torpaq almaq” məqsədilə 24 ay müddətinə, illik 36 % olmaqla 8500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə borclunun xx.xx.2019-cu il tarixli L- BK-0046163-F saylı kredit müqaviləsi üzrə iddiaçı təşkilata 5713,72 manat əsas, 2342,63 manat faiz, 66,64 manat cərimə və 488,99 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8611,98 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor BOKT «X2» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, BOKT «X2» MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0046163-F saylı kredit müqaviləsinə əsasən cavabdehə “torpaq almaq” məqsədilə 24 ay müddətinə, illik 36 % olmaqla 8500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixədək 5713,72 manat əsas, 2342,63 manat faiz, 66,64 manat cərimə və 488,99 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8611,98 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor BOKT «X2» MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixədək 5713,72 manat əsas, 2342,63 manat faiz, 66,64 manat cərimə və 488,99 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8611,98 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 2342,63 manat faiz borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehdən yalnız müqavilə müddəti bitənək, yəni xx.xx.2021-ci il tarixdək faiz borcu hesablanmış, həmin müddətdən sonra faiz borcunun hesablanması dayandırılmışdır. xx.xx.2021-ci il tarixədək olan faiz borcu isə 2342,63 manat təşkil edir. Bu səbəbdən cavabdehdən həmin faiz məbləği tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi müqavilə şərtlərinin pozulmasına görə 488,99 manat dəymiş ziyanla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə cəmi 11 ay, yəni xx.xx.2020-ci il tarixədək ödəniş etmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhəlikləri pozaraq borcu uzun müddət ödəniş etməmişdir. Belə olan halda iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Bu səbəbdən cavabdehdən həmin məbləğ tutulmalıdır. Məhkəmə iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi müqavilə şərtlərinin pozulmasına görə 66,64 manat cərimə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 4.3-cü bəndində göstərilmişdir ki, borclu kredit müqaviləsi üzrə ödənişləri hər gecikdirdiyi gün üçün 1 faiz cərimə məbləği ödəməlidir. İş üzrə iddiaçı təşkilatın məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə cəmi 11 ay, yəni xx.xx.2020-ci il tarixədək ödəniş etmiş, ödənişləri 1474 gün gecikdirmiş və həmin günlər üçün müqaviləyə uyğun olaraq 66,64 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən cavabdehdən müqavilədən kənar cərimə borcu tələb edilməmişdir. Bu səbəbdən cavabdehdən həmin cərimə məbləği tutulmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, BOKT «X2» MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 107 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, BOKT «X2» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli L-BK-0046163-F saylı kredit müqaviləsinə əsasən cavabdehə “torpaq almaq” məqsədilə 24 ay müddətinə, illik 36 % olmaqla 8500 manat məbləğində kredit verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməsi və banka olan borcunu tam qaytarmaması, xx.xx.2024-cü il tarixədək 5713,72 manat əsas, 2342,63 manat faiz, 66,64 manat cərimə və 488,99 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8611,98 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 5713,72 manat əsas, 2342,63 manat faiz, 66,64 manat cərimə və 488,99 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8611,98 manat borc və 107 manat dövlət rüsumu BOKT «X2» MMC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5713,72 manat əsas, 2342,63 manat faiz, 66,64 manat cərimə və 488,99 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 8611,98 manat borc və 107 manat dövlət rüsumu BOKT «X2» MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar