Məhkəmə qərarları › İş №e-2(015)-698/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-698/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-698/2025 16.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat borcun və dövlət rüsmu olaraq ödənilmiş 60 manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 340 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə “poz qazan” lotoreya ticarəti ilə məşğul olmuşdur. Belə ki, o, cavabdehə nisyə mal vermiş və cavabdehin hazırda ona 4000 (dörd min) manat miqdarında pul borcu yaranmışdır. Dəfələrlə Cavabdeh pulunu tələb etməsinə baxmayaraq o, öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehdən pulunu istəyəndə o, əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini və borcun qaytarılmasında çətinlik çəkməsini bildirmişdir. Bu barədə müxtəlif səs yazıları da onda mövcuddur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib bildirdi ki, İddiaçı “poz qazan” lotareyasının topdan satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh arasında həmin lotareyanın ticarəti olmuşdur. Belə ki, iddiaçı cavabdehə nisyə mal vermiş və cavabdehin iddiaçıya 4000 manat borcu yaranmışdır. Cavabdehin borcu 10000 manatdan çox olmuş, lakin həmin borcun bir hissəsini ödəmişdir. Hal-hazırda cavabdehin 4000 manat borcu qalmışdır. Dəfələrlə iddiaçı borcunu istəsə də cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə baxış iclasına gəlməmiş, o, məhkəməyə etiraz ərizəsi göndərərək iddianın rədd olunmasını xahiş etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edərək ifadəsində bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, iddiaçı “poz qazan” lotareyası satır. O da iddiaçıdan müxtəlif vaxtlarda lotareya alıb başqa şəxslərə satmışdır. Lotareyanı satdığı şəxslərdən pulunu ala bilməmiş, ona görə də onun iddiaçıya 4000 manat borcu qalmışdır. Daha sonra cavabdeh məhkəməyə yazılı etiraz göndərərək qeyd etmişdir ki, onun iddiaçıya borcu yoxdur. İddiaçının borc ilə bağlı sübutu yoxdur və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı “poz qazan” lotereya biletlərinin satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh arasında qeyd edilən lotereyanın biletlərinin nisyə alqı-satqısı mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehə nisyə lotereya bileti satmış, cavabdeh isə həmin biletləri sataraq pulunu iddiaçıya ödəməsini öhdəsinə götürmüşdür. Lakin, tərəflər arasında olmuş şifahi razılaşmaya əsasən Cavabdeh iddiaçıdan nisyə aldığı lotereya biletlərinin ödənişlərini tam olaraq etməmiş və onun iddiaçıya 4000 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. Bu hal mübahisəsizdir və cavabdehin etirafı ilə sübut olunur. Belə ki, cavabadeh Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edərək ifadəsində bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, iddiaçı “poz qazan” lotareyası satır. O da iddiaçıdan müxtəlif vaxtlarda lotareya alıb başqa şəxslərə satmışdır. Lotareyanı satdığı şəxslərdən pulunu ala bilməmiş, ona görə də onun iddiaçıya 4000 manat borcu qalmışdır. Həmçinin, iş materiallarında olan iddiaçı tərəfin təqdim etdiyi səs yazılarından müəyyən olunur ki, səs yazıları İddiaçı ilə Cavabdeh arasında baş tutan telefon danışığıdır. Həmin telefon danışıqlarında Cavabdeh maddi imkanı zəif olduğundan iddiaçıya olan borcunu ödəyə bilmədiyini və borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehlə arasında borc müqaviləsi üzrə münasibətlərin yaranmasını qeyd etsə də, məhkəmə iclasında müəyyən olunmşdur ki, tərəflər arasında nisyə alqısatqı barədə hüquq münasibətləri mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanılmış şifahi razılaşma ilə Cavabdeh iddiaçıdan nisyə lotereya biletləri almışdır. Cavabdeh isə qeyd olunan razılaşma əsasında iddiaçıdan lotereya biletləri almasına dair hüququndan istifadə etmiş, lotereya biletlərinin dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı nisyə aldığı lotereya biletlərinin dəyəri olan 4000 manat pulu qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən Cavabdeh 4000 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddiaçının cavabdehdən tələb etdiyi 60 manat dövlət rüsumuna və 340 manat vəkilə ödənilən xidmət haqqına aid hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən və müqavilədən görünür ki, İddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 60 manat dövlət rüsumu ödənilmiş, eyni zamanda ona hüquqi yardım göstərilməsinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə 340 manat dəyərində xidmət müqaviləsi bağlanılmışdır. İddiaçı həmin məbləğin ödənilməsi barədə ödəniş qəbzini də məhkəməyə təqdim etmişdir. Həmin məbləğin ödənilməsi təsdiq olunur. Məhkəmə mülki mübahisənin predmetini, tələb edilən məbləği nəzərə alara hesab edir ki, vəkilin göstərdiyi yardıma görə 340 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması ağılabatandır. Ona görə də cavabdehdən 60 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsinə görə 340 manat iddiaçının xeyrinə tutulmaldır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 4000 manat pul, 60 manat dövlət rüsumu və 340 manat hüquqi yardım göstərilməsinə görə olmaqla, cəmi 4400 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar