Məhkəmə qərarları › İş №e-2(015)-830/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-830/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-830/2024 10.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı X2-bank Kredit Təşkilatının (MM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X2-bank Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.613,00 manat əsas, 945,40 manat faiz, 245,20 manat cərimə borcu olmaqla cəmi 4.803,60 manat borcun və ödənilmiş 68,04 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı X2-bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0120 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təminat olaraq eyni tarixli **********0120-690918 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə borcun məbləği 3.613,00 manat əsas, 945,40 manat faiz, 245,20 manat cərimə borcu olmaqla cəmi 4.803,60 manat təşkil edir. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlərdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0120 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 4.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh2 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 3.613,00 manat əsas, 945,40 manat faiz, 245,20 manat cərimə borcu olmaqla cəmi 4.803,60 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 245,20 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68,04 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.613,00 manat əsas, 945,40 manat faiz, 1 manat cərimə borcu olmaqla cəmi 4.559,40 (dörd min beş yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68,04 (altmış səkkiz manat dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı X2-bank Kredit Təşkilatına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar