Məhkəmə qərarları › İş №e-2(015)-894/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-894/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-894/2023 25.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : "xxxx" ASC məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 364-S/AZN-21 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3452,39 manat əsas, 656,29 manat faiz, 1328,94 manat cərimə olmaqla, cəmi 5437,62 manat borcun və 74,38 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 364-S/AZN-21 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26 % olmaqla 4938 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit müqaviləsi üzrə iddiaçı təşkilata 3452,39 manat əsas, 656,29 manat faiz, 1328,94 manat cərimə olmaqla, cəmi 5437,62 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə baxış iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib göstərmişdir ki, hazırki günə qədər cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edib göstərdi ki, onun ilə Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2, "xxxx" ASC və onun arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borcu ödəməyə razıdır, lakin onun müəyyən öhdəlikləri var. Onun əmək haqqının 50 faizindən çox tutulma olsa, o digər kreditlərini ödəyə bilməyəcəkdir. 3 övladı var. Cavabdeh2 hazırda Türkiyədədir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə iclasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, cavabdehin izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 364-S/AZN-21 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26 % olmaqla 4938 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit müqaviləsi üzrə iddiaçı təşkilata 3452,39 manat əsas, 656,29 manat faiz, 1328,94 manat cərimə olmaqla, cəmi 5437,62 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarından görünür ki, 18 may 2023-cü ilədək cavabdehlərin 3452,39 manat əsas, 656,29 manat faiz, 1328,94 manat cərimə olmaqla, cəmi 5437,62 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlərin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi 1328,94 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək surətdə hesablandığından həmin məbləğ azaldılaraq 400 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz riskləri ilə kredit və zaminlik müqavilələri bağladıqlarından həmin müqavilələr üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 74,38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 364-S/AZN-21 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı təşkilatdan istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26 % olmaqla 4938 manat kredit alması, həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılması, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, 18 may 2023-cü il tarixinə kredit müqaviləsi üzrə iddiaçı təşkilata 3452,39 manat əsas, 656,29 manat faiz, 1328,94 manat cərimə olmaqla, cəmi 5437,62 manat borcunun qalması, lakin iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanması sübuta yetirildiyindən iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3452,39 manat əsas, 656,29 manat faiz, 400 manat cərimə olmaqla, cəmi 4508,68 manat borc və 74,38 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3452,39 manat əsas, 656,29 manat faiz, 400 manat cərimə olmaqla, cəmi 4508,68 manat borc və 74,38 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar