Məhkəmə qərarları › İş №e-2(015)-95/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-95/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-95/2024 31.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT QSC-nin Qazax filialı ilə Cavabdeh1 arasında 12 noyabr 2020-ci il tarixli 154 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 7178 manat məbləğində vaxtı keçmiş kredit borcu ilik 1 faiz hesablanmaqla 5 il müddətində bu müqaviləyə əlavə edilmiş 03 saylı ödəniş cədvəlinə uygun olaraq İddiaçı BOKT QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya kredit müqaviləsi üzrə öhdəliklərini təminatı kimi İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh2 arasında 12 noyabr 2020-ci il tarixli 154 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqaviləninn şərtlərinə əməl etməmişdir. Bunula da Cavabdeh1 Restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bağlanmış 07 oktyabr 2020-ci il tarixli 163 saylı Güzəştli kredit müqaviləsi əsasən Cavabdeh1 nın İddiaçı QSC-yə olan əsas borcu 6.012,92 manat əsas, 2.08 manat faiz olmaqla, cəmi 6.015 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh1 və zamin Cavabdeh2 dəfələrlə müraciət olunmasına, tərəflərdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımı nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi cavabdehlərin son borcuna dair arayışı məhkəməyə təqdim etmiş, onun son olaraq 5.533,31 borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçıQSC-nin nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verdi və iddia tələbnin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izhatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul edirlər. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçıQSC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında 12 noyabr 2020-ci il tarixdə güzəştli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv vermək və qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Maliyyə arayışından görünür ki, 12 noyabr 2020-ci il tarixli güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə 5.533,31 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 12 noyabr 2020-ci il tarixli güzəştli kredit müqaviləsi üzrə 5.533,31 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.533,31 manat məbləğində borc (beş min beş yüz otuz üç manat otuz bir qəpik) manat pul və 80.15 manat dövlət rüsumu tutularaq İddiaçıQSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar