Məhkəmə qərarları › İş №e-2(015)-956/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-956/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-956/2023 28.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK №117-MKOS/AZN-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4.294,70 manat əsas, 677,82 manat faiz, 861,91 manat cərimə borcu olmaqla cəmi borcu 5.834,43 manat məbləğində borcun və ödənilmiş 78,35 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK №117-MKOS/AZN-22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 25 % olmaqla, 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli BK №117-MKOS/AZN- 22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdeh2 16 iyun 2023-cü il tarixinə İddiaçı ASC-yə 4.294,70 manat əsasə, 677,82 manat faiz, 861,91 manat cərimə borcu olmaqla cəmi borcu 5.834,43 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Ona görə də İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BK №117-MKOS/AZN-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 4.294,70 manat əsas, 677,82 manat faiz, 861,91 manat cərimə borcu olmaqla cəmi borcu 5.834,43 manat məbləğində borcun və ödənilmiş 78,35 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK №117- MKOS/AZN-22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.10-cu bəndinə görə Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə Bank cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra bilər. İddiaçı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №117-MKOS/AZN-22 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir, onun iddiaçının qarşısında əsas borc olaraq 4.294,70 manat əsas, 677,82 manat faiz, 861,91 manat cərimə borcu olmaqla 5.834,43 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 861,91 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,35 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Kredit müqaviləsi üzrə əsas borc olaraq 4.294,70 manat, faiz borcu olaraq 677,82 manat, cərimə olaraq 1 manat, ümumilikdə 4.973,52 (dörd min doqquz yüz yetmiş üç manat əlli iki qəpik) manat məbləğində pul Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,35 manat məbləğində pul Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar