Məhkəmə qərarları › İş №e-2(015)-977/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-977/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-977/2024 14.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : BOKT "xxxx" QSC məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 6070.08 AZN (altı min yetmiş manat 08 qəpik), faiz borcu 1265.61 AZN (bir min iki yüz altmış beş manat 61 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 93.76 AZN (doxsan üç manat, 76 qəpik)dövlət rüsumunun əvəzi, ümumilikdə 7429.45 AZN (yeddi min dörd yüz iyirmi doqquz manat 45 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 7000,00 AZN (Yeddi min manat 00 qəpik) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 394-ABC-1117-23 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 3.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinəxx.xx.2024-cü il tarixə əsas borcu 6070.08 AZN (altı min yetmiş manat 08 qəpik), faiz borcu 1265.61 AZN (bir min iki yüz altmış beş manat 61 qəpik), cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) olmaqla ümumi borcu 7335.69 AZN (yeddi min üç yüz otuz beş manat 69 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, iddiaçı təşkilat tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli, 0443/24 pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Ona görə də iddiaçı təşkilat tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, qızı və həyat yoldaşı əməliyyat olduğu üçün kredit borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda başqa banklara da borcları var. Kredit borcunu 6 ay vaxtında ödəmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi Tapdıq Heybətov məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını xahiş etmiş, Cavabdeh isə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehin ifadəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, BOKT "xxxx" QSC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 394-ABC-1117-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 27 % olmaqla, 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin BOKT "xxxx" QSC-nə 118,79 manat əsas, 23,37 manat faiz, 8,12 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə BOKT "xxxx" QSC-nə 6070.08 manat əsas, 1265.61 manat faiz olmaqla, cəmi 7335,69 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, BOKT "xxxx" QSC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 93,36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 394-ABC-1117-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 27 % olmaqla, 7000 manat məbləğində kredit verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməsi və banka olan borcunu tam qaytarmaması xx.xx.2024-cü il tarixə BOKT "xxxx" QSC-nə 6070.08 manat əsas, 1265.61 manat faiz olmaqla, cəmi 7335,69 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 6070.08 manat əsas, 1265.61 manat faiz olmaqla, cəmi 7335,69 manat borc, 93,36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6070.08 manat əsas, 1265.61 manat faiz olmaqla, cəmi 7335,69 manat borc, 93,36 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar