Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-990/2025 28.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1dan cəmi borc 10.096,87 (on min doxsan altı ABŞ dolları 87 sent) ABŞ dolları - bundan 3.619,14 (üç min altı yüz on doqquz ABŞ dolları 14 sent) ABŞ dolları əsas, 1.498,01 (bir min dörd yüz doxsan səkkiz ABŞ dolları 01 sent) ABŞ dolları faiz, 4.461,22 (dörd min dörd yüz altmış bir ABŞ dolları 22 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 518,50 (beş yüz on səkkiz ABŞ dolları 50 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 141,50 (bir yüz qırx bir manat 50 qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış 1574/14 №-li 15 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-1-1574/14 №-li 15 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 1574-14 №-li Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10.755,19 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixinədək təyin edilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra 1574/14 №-li 15 avqust 2014-cü il tarixli Kredit müqaviləsinə 31 may 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12.223,26 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8.131,59 (səkkiz min bir yüz otuz bir ABŞ dolları 59 sent) ABŞ dolları əsas borc, 3.362,29 (üç min üç yüz altmış iki ABŞ dolları 29 sent) ABŞ dolları faiz borcu və 729,38 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-N-41-5003/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 10.096,87 ABŞ dolları təşkil edir. Bundan 3.619,14 ABŞ dolları əsas, 1.498,01 (ABŞ dolları faiz, 4.461,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 518,50 ABŞ dolları faiz borcu təşkil edir. öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Zamin Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında №ZM-1-1574/14 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2015-ci il tarixdə №1574-14 saylı 2014-cü il tarixli kredit müqaviləsinə əlavə saziş və xx.xx.2015-ci il tarixdə №1574-14 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə saziş bağlanmış, kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. - Bundan sonra isə xx.xx.2017-ci il tarixdə №1574/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 02 saylı əlavə saziş və xx.xx.2017-ci il tarixli №1574/14 saylı 02 saylı əlavə saziş bağlanmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır, iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla nəzərdə tutulmuş son müddət - xx.xx.2025-ci il tarixidir. Elektron Məhkəmə Sistemi Portalından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş tələbetmə müddətini hər hansı üzrlü səbəb olmadan ötürmüşdür və bu müddətin bərpa edilməsinə dair hər hansı ərizə ilə də müraciət etməmişdir. Göstərilənlərə əsasən, mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
4. İddiaçının nümayəndəsi X2 elektron qaydada məhkəməyə ünvanladığı ərizəsində iddia tələbini tam müdafiə etdiyini, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
5. Zamin Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə etiraz etdiyini bildirmiş və iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Cavabdeh2 məhkəməyə ərizə göndərərək, yataq xəstəsi olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş, mülki iş üzrə iddia müddətinin keçdiyi üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişlər.
9. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
10. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış 1574/14 №-li 15 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir.
12. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-1-1574/14 №-li 15 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
13. İş üzrə Cavabdeh2 ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında bağlanmış 1574/14 №-li 15 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-1-1574/14 №-li 15 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin bəndinə əsasən kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında borcunu qaytarmamışlar. Lakin Cavabdeh2 ərizə göndərək iddia müddətinin keçməsini nəzərə alınmasını xahiş etmişdir.
a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 15.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 16.Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. 19.Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 20.Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 21.Göründüyü kimi, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. 22.İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 1574/14 №-li 15 avqust 2014-cü il tarixli kredit müqaviləsinin müddəti həmin müqaviləyə əlavə də nəzərə alınmaqla restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılması müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti 05 may 2025ci il tarixdə başa çatmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 07 gün sonra daxil olmuşdur. İddia müddətinin axımı isə, xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2025-ci il tarixədək müddəti əhatə edir və həmin müddət ərzində iddiaçı cavabdehlərə qarşı hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçının iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. 23.Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 24.Məhkəmə hesab edir ki, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. 25.Məhkəmə həmçinin hesab edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələb (zaminlik) üzrə də iddia müddəti keçmişdir (MM 376-cı maddə). 26.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 1574/14 №-li 15 avqust 2014-cü il tarixli kredit müqaviləsinin müddəti həmin müqaviləyə Əlavə də nəzərə alınmaqla Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılması müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti 05 may 2025-ci il tarixdə başa çatmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 07 gün sonra daxil olduğundan, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edildiyindən, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. 31.İş üzrə ödənilmiş 141,50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: 32.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 141,50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Heyran Mürsəlova