Məhkəmə qərarları › İş №e-2(016)-1061/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1061/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1061/2024 16.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1dan və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə qanuni nümayəndəsi – atası Qanuni nümayəndə vasitəsilə iddiaçının xeyrinə BPM**********34 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.058,15 manat əsas, 39,79 manat faiz borcu olmaqla, cəmi 2.097,94 manat ödənilmiş 40,98 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Teymurova Adilə Sədyar qızı arasında bağlanmış BPM**********34 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Teymurova Adilə Sədyar qızına 60 ay müddətinə, illik 24 faiz olmaqla 2.400 manat məbləğində nağd kredit limiti verilmişdir. X4 Sədyar qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şamaxı regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 510 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Teymurova Adilə Sədyar qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələrinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (qanuni nümayəndəsi - atası Qanuni nümayəndə vasitəsi ilə) xx.xx.2021-ci il tarixli, 2V-1078 və 2V-1079 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Teymurova Adilə Sədyar qızının BPM**********34 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.058,15 manat əsas, 39,79 manat faiz borcu olmaqla, cəmi 2.097,94 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər mərhum Teymurova Adilə Sədyar qızından qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BPM**********34 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Teymurova Adilə Sədyar qızına 60 ay müddətinə, illik 24 faiz olmaqla 2.400 manat məbləğində nağd kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, Teymurova Adilə Sədyar qızının xx.xx.2019-cu il tarixə kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.058,15 manat əsas, 39,79 manat borcu olmaqla, cəmi 2.097,94 manat borcu vardır. - AZ-İİ 064589 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Teymurova Adilə Sədyar qızı xx.xx.2020-ci il tarixdə Ağsu rayonunda vəfat etmişdir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehlərə mərhum Teymurova Adilə Sədyar qızının borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. - xx.xx.2021-ci il tarixli, 2V-1078 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Teymurova Adilə Sədyar qızının vərəsəsi - Cavabdeh1dur və o, miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Ağsu rayonu, Gəgəli kəndində yerləşən ümumi sahəsi 0.622755 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. - xx.xx.2021-ci il tarixli, 2V-1079 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Teymurova Adilə Sədyar qızının xx.xx.2020-ci il tarixdə vəfat etmiş qızı – X1 təmsilçilik üzrə ½ hissə payına dair vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır və onların hər biri miras əmlakdan bərabər hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Ağsu rayonu, Gəgəli kəndində yerləşən ümumi sahəsi 0.622755 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan hissədən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Teymurova Adilə Sədyar qızının kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2020-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1958-ci il təvəllüdlü Teymurova Adilə Sədyar qızının adına Şamaxı regional «Asan xidmət» mərkəzində notariat ofisində 2V-1078 və 2V-1079 reyestr nömrəli xx.xx.2021-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (qanuni nümayəndələri-atası Qanuni nümayəndə vasitəsi ilə) qəbul etdiklərindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı cavabdehlərdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə, iddia tələbinin 40,98 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə qanuni nümayəndəsi - atası Qanuni nümayəndə vasitəsi ilə miras qalmış əmlakı qəbul etdikləri həddə 2.058,15 manat əsas, 39,79 manat faiz borcu olmaqla, cəmi 2.097,94 kredit borcu, ödənilmiş 40,98 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" ASCyə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar