Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1110/2023 21.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, SMLMB-07053 saylı kredit müqaviləsi üzrə 1.926,26 manat əsas, 223,13 manat faiz, 387,66 manat cərimə borcu olmaqla, cəmi 2.537,05 manat pul və dövlət rüsumu kimi ödənilmiş 45,37 manat məbləğində pulun tutulmasını, borcun cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsini, 6 ədəd üzük, çəkisi – 32,8 qr, əyarı – 583; 2 ədəd sırğa, çəkisi – 11,3 qr, əyarı – 583; 1 ədəd klon, çəkisi – 0,8 qr, əyarı – 585 olmaqla, cəmi 44,9 qr. olan qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2022-ci il tarixli, SMLMB- 07053 saylı kredit müqaviləsi üzrə kredit borcu və dövlət rüsumunun ödənilməsini, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2022-ci il tarixli, SMLMB-07053 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, SMLMB-07053 saylı kredit müqaviləsinə əsasən illik 27,5 % dərəcəsi olmaqla 24 ay müddətinə 2.300 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, SMLMB-07053 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-07053 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1926,26 manat əsas, faiz borcuna görə 223,13 manat, cərimə borcuna görə 387,66 manat, borcun cəmi məbləği 2537,05 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, SMLMB-07053 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, SMLMB- 07053 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şamaxı” filialına saxlanca verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, ailədə tək işləyən odur. Borcunu ödəməkdən boyun qaçırmır. Səhhəti ilə əlaqədar bir müddət işləyə bilməmiş, bu səbəbdən ödəniş etməmişdir. Qızıllar onun deyil, satılmasını istəmir. Borcunu hissə-hissə işləyib ödəyəcək. İddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 27,5 % dərəcəsi olmaqla 24 ay müddətinə 2.300 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli, SMLMB-07053 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, borcalan özünə məxsus olan qızıl-zinət əşyalarını kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi girov qoymuşdur. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 1.926,26 manat əsas, 223,13 manat faiz, 387,66 manat cərimə borcu olmaqla, cəmi 2.537,05 manat məbləğində kredit borcu vardır. - xx.xx.2023-cü il tarixli nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 45,77 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 387,66 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə, iddia tələbinin 45,37 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin “tələbin girov qoyulmuş əşyaya yönəldilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə, iddianın “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait xx.xx.2022-ci il tarixli, SMLMB-07053 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsinə dair” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.926,26 manat əsas, 223,13 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 2.169,39 manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh təqdim etdiyi və girov predmeti olan – 6 ədəd üzük, çəkisi – 32,8 qr, əyarı – 583; 2 ədəd sırğa, çəkisi – 11,3 qr, əyarı – 583; 1 ədəd klon, çəkisi – 0,8 qr, əyarı – 585 olmaqla, cəmi 44,9 qr. olan qızıl-zinət əşyalarına yönəldilsin və qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Həmin qızıl-zinət əşyasının satılmasından əldə edilən vəsaitdən 2.169,39 manat məbləğində kredit borcu və 45,37 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-1110/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1110/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver