Məhkəmə qərarları › İş №e-2(016)-1223/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1223/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1223/2024 27.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, 2-xx.xx.2018-002863 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1.203,76 manat əsas borc və 2,58 manat faiz borcu olmaqla cəmi 1,206,34 manat məbləğində kredit borcunun, ödənilmiş 32,07 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx.xx.2018-002863 saylı kredit müqaviləsinə əsasən X3 30 ay müddətinə illik 25 faiz olmaqla 1.600 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 13 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X5nın adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan X4, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X5nın xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 1.203,76 manat əsas borc və 2,58 manat faiz borcu olmaqla cəmi 1.206,34 manat məbləğində borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 2-xx.xx.2018-002863 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X3 30 ay müddətinə, illik 25 faiz olmaqla 1.600 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, X5nın xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1.203,76 manat əsas borc və 2,58 manat faiz borcu olmaqla cəmi 1.206,34 manat borcu vardır. - AZ-İ seriyalı 958154 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin fevral ayının 25-də, 69 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 işi günü ərzində ödənilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq edilmişdir. - Bankın sorğusuna Ağsu rayon Notariat Ofisi tərəfindən verilmiş cavabdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş XX.XX.1951-ci il təvəllüdlü X5nın vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsələri – X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 32,07 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum X5nın kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2019-cu il tarixdə öldüyündən, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. XX.XX.1951-ci il təvəllüdlü X5nın adına Ağsu rayon notariat ofisində açılmış vərəsəlik işi üzrə mirası vərəsələri: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qəbul etdiyindən, borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından, iddiaçı cavabdehlərdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə, iddia tələbinin 32,07 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras qalmış əmlakı qəbul etdikləri həddə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1.203,76 manat əsas borc, 2,58 manat faiz borcu olmaqla, cəmi 1.206,34 manat borc, ödənilmiş 32,07 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar