Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1704/2025 02.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, TLEE001907228 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 5.190,20 manat əsas borc və 20,37 manat faiz borcu olmaqla, cəmi 5.210,57 manat və xx.xx.2023-cü il tarixli BPM**********03 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 7.190,12 manat əsas borc və 14,33 manat faiz borcu olmaqla, cəmi 7.204,45 manat məbləğində kredit borcunun, ödənilmiş 127,25 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Məmmədov Vidadi Abas oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli TLEE001907228 saylı tamkart müqaviləsinə əsasən elektron təsdiq vasitəsilə (OTP kod) 35 ay müddətinə illik 24 faiz olmaqla 5.000 manat məbləğində kart kredit limiti verilmiş və daha sonra xx.xx.2023-cü il tarixdə Məmmədov Vidadi Abas oğlunun müraciətinə əsasən kredit limiti artırılaraq 8.100 manat məbləğində təyin edilmiş və xx.xx.2023-cü il tarixli BPM**********03 saylı istehlak kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 23.9 faiz olmaqla 8.200 manat məbləğində nağd kredit verilmişdir. X1 Abas oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 389 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Məmmədov Vidadi Abas oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh V-39/2025 nömrəli vərəsəlik işi üzrə xx.xx.2025-ci il tarixli, 2V-59 və 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bankın Ağsu filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Məmmədov Vidadi Abas oğlunun xx.xx.2023-cü il tarixli TLEE001907228 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 5.190,20 manat əsas borc və 20,37 manat faiz borcu olmaqla, cəmi 5,210.57 manat və xx.xx.2023-cü il tarixli BPM**********03 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 7.190,12 manat əsas borc və 14,33 manat faiz borcu olmaqla, cəmi 7.204,45 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Məmmədov Vidadi Abas oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli TLEE001907228 saylı kredit müqaviləsinə əsasən Məmmədov Vidadi Abas oğluna 35 ay müddətinə, illik 24 faiz olmaqla 5.000 manat məbləğində kart kredit limiti verilmişdir. - xx.xx.2023-cü il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən Məmmədov Vidadi Abas oğluna 48 ay müddətinə, illik 23,9 faiz olmaqla 8.200 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışlarından görünür ki, Məmmədov Vidadi Abas oğlunun xx.xx.2023-cü il tarixli TL-EE001907228 saylı tam kart müqaviləsinə əsasən kart kredit limiti üzrə 5.190,20 manat əsas borc və 20,37 manat faiz borcu olmaqla, cəmi 5.210,57 manat və xx.xx.2023cü il tarixli BPM**********03 saylı istehlak kredit müqaviləsinə əsasən nağd kredit üzrə 7.190,12 manat əsas borc və 14,33 manat faiz borcu olmaqla, cəmi 7.204,45 manat məbləğində borcu vardır. - AZ-İİ seriyalı 406135 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Vidadi Abas oğlu xx.xx.2024-cü il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin avqust ayının 28-də, 280 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, kredit müqavilələri üzrə yaranmış borcun 5 işi günü ərzində ödənilməsi məqsədilə cavabdehə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu rayon Notariat Ofisinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Məmmədov Vidadi Abas oğlunun adına Ağsu rayon Notariat Ofisində V-39 reyestr nömrəli vərəsəlik işi açılmış vərəsələrinə 2V-59,60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2025-ci il tarixli, 2V-60 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Məmmədov Vidadi Abas oğlunun vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texniki Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli 14-2-18-6/2-481/2024 nömrəli məktubuna əsasən mərhum Məmmədov Vidadi Abas oğluna ödənilməli olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna hesablanaraq göndərilmiş xəstəlik vərəsəsi üzrə müavinət 1.468,49 manat məbləğdən ibarətdir. - xx.xx.2025-ci il tarixli, 2V-59 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Məmmədov Vidadi Abas oğlunun vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD713445 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0ZCF********** və buraxılış ili 2006-cı il olan X2 markal, **-KV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 127,25 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (xx.xx.2025-ci il tarixdə qüvvədən düşmüşdür.). MM-in 1309-cü maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və faizin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, həmin vaxt qüvvədə olmuş MM-in 1307-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, buda mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Məmmədov Vidadi Abas oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2024-cü il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. Məmmədov Vidadi Abas oğlunun adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağsu Rayon Notariat Ofisində açılmış vərəsəlik işi üzrə mirası vərəsəsi Cavabdeh qəbul etdiyindən, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından, iddiaçı cavabdehdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5.190,2 manat əsas, 20,37 manat faiz borcu olmaqla, cəmi 5.210,57 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 7.190,12 manat əsas, 14,33 manat faiz borcu olmaqla, cəmi 7.204,45 manat məbləğində kredit borcu və ödənilmiş 127,25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-1704/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1704/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver