Məhkəmə qərarları › İş №e-2(016)-258/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-258/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-258/2024 20.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 68,31 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkiledir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqaviləyə xitam verdikdən sonra qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il , xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Sumqayıt-4” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən sorğuya verilmiş xx.xx.2023-cü il tarixli, 02 №-li cavabdan görünür ki, cavabdeh Qasımova Şamama Köçəri qızı ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq xx.xx.2015-ci il tarixdə 1112 N və xx.xx.2016-cı il tarixdə 1158 N saylı aktlar tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanın kabel şəbəkəsindən xx.xx.2015-ci il tarixdə ayrılmışdır. Sözügedən mənzilin şəbəkədən ayrıldığı xx.xx.2015-ci ildən qanunsuz qoşulma barədə sonuncu tərtib olunan xx.xx.2016-cı il tarixli 1158 N saylı aktın tərtib olunanadək ötən müddət 207 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 68.31 manat təşkil edir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan vurulmuşdur. "xxxx" MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 manat, bank xidməti haqqı isə 0.40 manat təşkil edir. Beləliklə, cavabdeh Qasımova Şamama Köçəri qızının "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 148.71 manat (50+30.40+68.31 manat) təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli 1112 nömrəli Aktdan görünür ki, “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşlarının ünvan 2 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. - xx.xx.2016-cı il tarixli 1158 nömrəli Aktdan görünür ki, “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşlarının ünvan 2 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. - “Sumqayıt-4” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən sorğuya verilmiş xx.xx.2023-cü il tarixli, 02 nömrəli məktubundan görünür ki, cavabdeh Qasımova Şamama Köçəri qızı ünvan 2 ünvanında yerləşən mənzilin sahibidir. - Malların işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün çəkilən xərcin yekun məbləği 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MM-in 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməlidir. İddia tələbinin qanuni əsaslarından biri olan mülki hüquq pozuntusunun (delikt) yaranması üçün aşağıdakı hallar mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik); əməlin hüquqa zidd olması; təqsir. MM-in 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulduğundan, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğudan, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 68,31 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar