Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-294/2025 22.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərə görə 3.240 manat miqdarında pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17:40 radələrində özünə məxsus olan “Hyundai Elantra” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı-Ağsu-Bakı istiqamətində gedən zaman Ağsu rayonu, Gursulu kəndi ərazisində magistral yoldan keçərkən havanın dumanlı, yağışlı olması görməsinə əngəl yaratmış, qarşıdan gələn nəqliyyat vasitəsinin led işıqları görməsini zəiflətmişdir. Bu zaman sahibsiz malın qarşısından keçməsini görərək əyləcə bassa da qəzadan yayına bilməmiş və sahibsiz malın bud hissəsindən xəsarət yetirmişdir. Yol dumanlı və yağıntılı olduğu üçün digər maşınlara əngəl yaratmamaq üçün maşını yolun sağ tərəfinə çəkmiş, heyvanın sahibini tapmaq üçün malların arxasınca getmişdir. Evin yerini tapıb heyvanın sahibini çağırmış, lakin heyvanın sahibi ona dəyən zərəri ödəmək istəməmişdir. Bu səbəbdən X1 zəng edib qəza barədə məlumat vermiş, müraciəti əsasında araşdırılma başlanmışdır. “İnzibati xəta haqqında” 12 noyabr 2024-cü il tarixli protokolla müəyyən olunmuşdur ki, Cavabdeh 12 noyabr 2024-cü il tarixdə, saat 17:40-da Bakı Şamaxı-Yevlax yolunun 69.5-ci km-də mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Cavabdehin heyvanı nəzarətsiz buraxması nəticəsində ona maddi zərər dəymişdir. Avtoservis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, ona dəymiş zərər 3.240 manat miqdarında müəyyən edilmişdir. Cavadehin heyvanı nəzarətsiz buraxması nəticəsində ona dəymiş 3.240 manat maddi zərər cavabdehdən tam şəkildə tutularaq ona ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddiaçının iddia tələbində göstərilən məbləğlə razı olmadığını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 3(016)-546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. - "xxxx" MMC-nin tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəydən görünür ki, “Hyundai Elantra” markalı, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin vurulması nəticəsində həmin avtomobilə dəymiş zərərin məbləği ehtiyat hissələri üzrə 840 manat, işçilik üzrə 760 manat olmaqla, ümumilikdə 1.600 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə təxminən saat 17:40 radələrində özünə məxsus olan “Hyundai Elantra” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı-Ağsu-Bakı istiqamətində gedən zaman Ağsu rayonu, Gursulu kəndi ərazisində magistral yoldan keçərkən mal-qaranın Cavabdeh tərəfindən nəzarətsiz qoyulması nəticəsində Cavabdeh məxsus malı vurmuş, nəticədə, “Hyundai Elantra” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.600 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MM-in 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməlidir. İddia tələbinin qanuni əsaslarından biri olan mülki hüquq pozuntusunun (delikt) yaranması üçün aşağıdakı hallar mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik); əməlin hüquqa zidd olması; təqsir. MM-in 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulduğundan, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğudan, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.600 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-294/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-294/2025
22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver