Məhkəmə qərarları › İş №e-2(016)-367/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-367/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-367/2024 09.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6.184,35 AZN əsas, 629,11 AZN faiz borcu olmaqla, cəmi 6.813,46 AZN məbləğində vəsaiti və ödənilmiş 88,13 AZN dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK1879042B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik 19.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 6.268 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Yəni kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 6.184,35 AZN əsas, 629.11 AZN faiz borcu olmaqla, cəmi 6.813,46 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı tərəfindən məhkəməyə ünvanlanan ərizə ilə məhkəmə iclaslarına iştirakları olmadan baxılması və iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, GTZK1879042B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 19,5 % faiz dərəcəsi ilə 6.268 manat məbləğində kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, GTZK1879042B299 saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə 6.184,35 AZN əsas, 629,11 AZN faiz borcu olmaqla, cəmi 6.813,46 AZN borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi məqsədilə xəbərdarlıq göndərmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 88,53 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 88,53 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 6.184,35 AZN əsas, 629,11 AZN faiz olmaqla, cəmi 6.813,46 məbləğində pul və ödənilmiş 88,13 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar