Məhkəmə qərarları › İş №e-2(016)-56/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-56/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-56/2025 21.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar oğluna qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar oğluna qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 051SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehlardən 1531,91 manat əsas, 1,76 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan faiz məbləği 2,10 manat faiz borcu, ümumilkdə 1535,77 manat və iş üzrə ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar oğlundan müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 051SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, 1210 SBFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 2930 (iki min doqquz yüz otuz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 Sərdar oğlu ilə Bank arasında 06 avqust 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır.Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli, 12- 5/2-B-21-140/2024 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 16 avqust 2024-cü il tarixinə kredit üzrə cəmi borcu 1.535.77 (bir min beş yüz otuz beş manat 77 qəpik) manat təşkil edir ki, bundan 1.531.91 (bir min beş yüz otuz bir manat 91 qəpik) manat əsas borc, 1.76 (bir manat, 76 qəpik) manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə geciktirilmiş vaxt üçün hesablanan faiz məbləği 2,10 (iki manat 10 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiklərini, odur ki, işə iştirakları olmadan baxılmasını və iddia tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli 051SBFFM saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 1 faiz ödəmək şərti ilə 5 il müddətinə 2930 manat məbləğində kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Sərdar oğlu kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə borc verən qarşısında zamin və borcalan birgə məsuliyyət daşıyırlar. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2024-cü il tarixinə ümumilikdə 1535,77 manat təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər banka olan 1535,77 manat məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişlər və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 36 manat məbləğində dövlət rüsumu ödəmişdir. - 26,08,2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, cavabdehlər borclarından cəmi 460 manat ödənişlər etmişdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 1 faiz ödəmək şərti ilə 5 il müddətinə 2930 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh1 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1 və 743-cü maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, MM-nin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh2 Sərdar oğlu kredit müqaviləsi üzrə zamin olduğundan, borcun ödənilməsi üçün məsuliyyət daşıyır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "xxxx" ASC tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumunun 5,24 manatı iddiaçıya, 30,76 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar oğluna aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 051SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar oğlundan müştərək qaydada 1071,91 manat əsas borc, 1,76 manat faiz borcu, 2,10 manat cərimə borcu, ümumilikdə 1075,77 (bir min yetmiş beş manat 77 qəpik) manat və ödənilmiş dövlət rüsumunun 30,76 manatı tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5,24 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 051SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərdar oğlundan müştərək qaydada 1071,91 manat əsas borc, 1,76 manat faiz borcu, 2,10 manat cərimə borcu, ümumilikdə 1075,77 (bir min yetmiş beş manat 77 qəpik) manat və ödənilmiş dövlət rüsumunun 30,76 manatı tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5,24 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar