Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-587/2024 08.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2023-cü il tarixli, AXLMB- 08949 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1.300,86 manat, faiz borcuna görə 105,03 manat, cərimə borcuna görə 168,72 manat olmaqla, cəmi 1.574,61 manat pul və dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pulun tutulmasını, cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, sep klon – 1 ədəd, çəkisi- 23,57, əyarı–583 olmaqla, cəmi 23,57 qram, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, AXLMB-08949 saylı kredit müqaviləsi üzrə cəmi 1.574,61 manat pul və dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AXLMB-08949 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 12 ay müddətinə 1.440 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, AXLMB-08949 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcuna görə 1.300,86 manat, faiz borcuna görə 105,03 manat, cərimə borcuna görə 168,72 manat,cəmi 1574,61 manat təşkil edir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Ağsu” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep klon – 1 ədəd, çəkisi- 23,57, əyarı–583; cəmi: 23,57 qram. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli saxlanc girovu haqqında müqavilədən görünür ki, borcalan özünə məxsus olan qızıl-zinət əşyalarını kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi girov qoymuşdur. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə müqavilə üzrə 1.300,86 manat məbləğində əsas, 105,03 manat məbləğində faiz, 168,72 manat cərimə borcu olmaqla, cəmi 1.574,61 manat borcu yaranmışdır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin “tələbin girov qoyulmuş əşyaya yönəldilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə, iddianın “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli, AXLMB-08949 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsinə dair” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 168,72 manat məbləğində deyil, 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə müqavilə üzrə 1.300,86 manat məbləğində əsas, 105,03 manat məbləğində faiz, 5 manat cərimə borcu olmaqla, cəmi 1.410,89 manat məbləğində pul vəsaiti və 36 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh təqdim etdiyi və girov predmeti olan – 1 ədəd sep klon - çəkisi 23,57, əyarı 583 olmaqla, cəmi 23,57 qramdan ibarət qızıl-zinət əşyalarına yönəldilsin və qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Həmin qızıl-zinət əşyasının satılmasından əldə edilən vəsaitdən 1.410,89 (bir min dörd yüz on manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu və 36 (otuz altı) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-587/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-587/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver