Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-66/2025 03.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 12.176,25 manat məbləğində kredit borcu, 1.213,85 manat məbləğində faiz borcu və 332,69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13.722,79 manat məbləğində borcun və ödənilmiş 131,17 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 026A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizə əsasında o, aylıq faiz dərəcəsi 1.6667 % оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.800 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3.623,75 manat ödəniş etmiş və оnun iddiaçıya 12.176,25 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 159 gün üçün hesablanmış faiz borcu 1.213,85 manat təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, digər cavabdeh ona pula ehtiyacı olduğunu bildirmiş, kredit götürmüş, o da zamin durmuşdur. O, 2-3 min pul götürəcəyini bilmiş. Ona görə zamin olmağa razılıq vermişdir. Daha sonra kreditin 15.800 manat olduğunu bildikdən sonra zaminlikdən çıxmaq istəmiş, o da mümkün olmamışdır. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 026A**********08 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 1.6667 % faiz dərəcəsi olmaqla 48 ay müddətinə 15.800 manat məbləğində kredit verilmişdir. - İddiaçı ilə Cavabdeh2 aralarında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, 026A**********08 saylı kredit müqaviləsinə əsasən 12.176,25 manat məbləğində kredit borcu, 1.213,85 manat məbləğində faiz borcu və 332,69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13.722,79 manat məbləğində borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərdən borc məbləğinin ödənilməsi tələb edlmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 131,17 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/373 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 19 iyul 2024-cü il tarixinə İddiaçı QSC-yə olan borcu əsas borc üzrə 11.973,39 manat, faiz borcu üzrə 989,42 manat müəyyən olunmuşdur. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11.973,39 manat, faiz borcu üzrə 989,42 manat tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə zamin olduğundan, borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin 131,17 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 131,17 manat dövlət rüsumunun 2,13 manatı iddiaçıya, 129,04 manatı cavabdehə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.973,39 manat əsas, 989,42 manat faiz, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13.012,81 manat məbləğində borc və ödənilmiş 129,04 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,13 manatı iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-66/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-66/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver